Bakı. Trend:
Beş il əvvəl – 2020-ci il noyabrın 8-də Müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək Azərbaycanın hərb tarixində yeni bir şanlı səhifə yazdı.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Afət Həsənova bildirib.
Deputat qeyd edib ki, Şuşanın 28 illik erməni işğalından qurtulması Azərbaycanın son əsrlik tarixində ən möhtəşəm qələbələrdən biri kimi yadda qaldı. Məhz Şuşanın azad olunmasından sonra düşmənin müqaviməti tam sındı və onlar kapitulyasiya aktına imza atmağa məcbur oldular.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hələ Vətən müharibəsinin ilk günlərindən bildirirdi ki, Şuşasız bizim qələbəmiz natamam olacaq. 44 gün davam edən müharibə ərzində rəşadətli ordumuz inamla, dayanmadan Şuşaya doğru irəlilədi. Uzun illər bir arzu kimi görünən bu məqsəd 2020-ci il noyabrın 8-də reallığa çevrildi. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin zirvəsi oldu. Qəhrəman əsgər və zabitlərimiz çətin relyef şəraitində, sıldırım qayaları və dərin dərələri aşaraq Qarabağın qəlbi olan Şuşanı düşməndən təmizlədilər. Bu əməliyyat tam haqlı olaraq Qarabağ Zəfərinin kulminasiya nöqtəsi hesab olunur”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Şuşa əməliyyatı dünya hərb tarixində bənzəri olmayan bir hadisə idi:
“Bu şəhərin necə ağır şəraitdə, necə böyük fədakarlıq, peşəkarlıq və şəhidlərimizin qanı bahasına azad edildiyinin şahidi olduq. Qəhrəman oğullarımız inanılmaz çətin tapşırığı uğurla yerinə yetirdilər. Əgər əvvəlcədən desəydilər ki, Şuşanı bu şəkildə azad edəcəyik, çoxları buna inanmazdı. Ancaq Ordumuz mümkünsüzü mümkün etdi və bu gün dünya hərbi mütəxəssisləri Şuşa əməliyyatını araşdırır, çünki bu əməliyyat hər kəsi heyrətə saldı. Buna görə də 8 noyabr tarixi əbədi olaraq qızıl hərflərlə tariximizə yazıldı.”
Afət Həsənova əlavə edib ki, xalqımızın gücünü, iradəsini və milli qürurunu təcəssüm etdirən bu qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi:
“Şuşanın azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq 8 noyabr Zəfər Günü elan olundu. 2021-ci il yanvarın 14-də isə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada üçrəngli bayrağımızı ucaltdı. Cənab Prezidentin uzaqgörən strategiyası, dəqiqliklə müəyyən etdiyi siyasət və qətiyyətli rəhbərliyi sayəsində xalqımız bu parlaq qələbəni qazandı. Bu gün isə azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri sürətlə davam edir, soydaşlarımız doğma yurdlarına qayıdırlar,” – deyə deputat qeyd edib.
