Bakı.Trend:
Bu ilin yanvar-oktyabr aylarında “biletim.az” portalı vasitəsilə onlayn qaydada 654 278 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6% artıb.
Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin 10 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 22% idisə, cari ilin müvafiq dövründə bu rəqəm 33%-ə yüksəlib.
Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal şəkildə istifadə etdiklərini göstərir.
Qeyd edək ki, “biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
