...

Azərbaycan bp ilə "yaşıl enerji" layihələrinin inkişafını müzakirə edib

Energetika Materials 6 Noyabr 2025 16:02 (UTC +04:00)
Azərbaycan bp ilə "yaşıl enerji" layihələrinin inkişafını müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bp ilə karbohidrogen və "yaşıl enerji" layihələrinin inkişafı və strateji tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə edib.

Trend Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, energetika naziri Pərviz Şahbazovla bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli arasında görüşü zamanı baş tutub.

Məlumata görə, görüşdə Azərbaycanın enerji sahəsində strateji tərəfdaşı bp ilə uzunmüddətli səmərəli əməkdaşlığın yeni mərhələdə inkişafına dair fikir mübadiləsi aparılıb. Şirkətlə neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlığın cari vəziyyəti və birgə layihələrin icrası müzakirə olunub. Bu xüsusda, Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında neft hasilatının sabitləşdirilməsi, AÇG-də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib. Həmçinin “Şəfəq-Asiman”, “Şahdəniz Kompressiya”, “Qarabağ” və “Əşrəfi-Dan Ulduzu-Aypara” (ƏDUA) layihələri üzrə görülən işlər və perspektivlər dəyərləndirilib.

Görüşdə 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisi ilə bağlı məsələlər də müzakirə edilib. Layihə bp-nin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına erkən mərhələdə verdiyi töhfənin göstəricisi kimi yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu layihə “Səngəçal” terminalının elektrikləşdirilməsini təmin etməklə enerji keçidi istiqamətində həyata keçirilən fəaliyyətin nümunəsidir.
Söhbət zamanı Xəzər hövzəsi və Mərkəzi Asiyanın enerji resursları ilə Avropa bazarı arasında Azərbaycanın körpü rolunun xüsusi əhəmiyyət daşıdığı vurğulanıb, bu strateji üstünlüyün gələcəkdə daha da gücləndirilməsi məqsədilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti