Bakı. Trend:
Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağındakı Qırmakıüstü Qumlu (QÜQ) layından sərbəst qaz hasilatının 2026-cı ilin birinci yarısında başlanacağı gözlənilir.
Bu barədə Trend bp-ə istinadən xəbər verir.
Şirkətdən xatırladılıb ki, 2024-cü ildə AÇG üzrə sərbəst qaz (NAG Addendum) haqqında Əlavə Saziş imzalandıqdan sonra mövcud “Qərbi Çıraq” platformasından ilk kəşfiyyat-işlənmə quyusunun gödvəsinin qazılması planlaşdırılıb və uğurla həyata keçirilib. Bu layihə yatağın potensialının qiymətləndirilməsində mühüm mərhələ olub, çünki əldə edilən məlumatlar AÇG-də sərbəst qaz ehtiyatlarının gələcək işlənməsi planlarının formalaşdırılmasına kömək edəcək.
“2025-ci ildə quyuda qazma işləri uğurla bitmiş və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilmişdir. Nəticədə QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğu təsdiqlənmişdir və AÇG-dən ilk STQ hasilatının 2026-cı ilin birinci yarısında həmin laydan başlanacağı gözlənilir”– bp-də qeyd ediblər.
Bundan əlavə, QA lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilmişdir və bu layda 2026-cı ilin əvvəllərində sınaq işlərinin aparılması planlaşdırılır.
