Bakı. Trend:
Abşeron rayonunda 8 Noyabr Zəfər Günü ilə əlaqədar ağacəkmə
aksiyası keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının
rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri,
müharibə iştirakçıları, gənclər və rayon ictimaiyyəti iştirak
edib.
Aksiya çərçivəsində Xırdalan şəhərində Ümummilli Lider Heydər
Əliyevin adını daşıyan Parkda 500 ədəd leylandr, eldar şamı, xan
çinarı və dekorativ kollar əkilib. Əkilən ağaclara üzvi gübrə
verilərək suvarılıb.
Aksiyanın davamında RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri və müharibə iştirakçıları ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Görüşdə Zəfər bayramı münasibəti ilə onları təbrik edən Abdin Fərzəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli qərarları və iradəsi sayəsində torpaqlarımız işğaldan azad edilib. Şəhidlərimizin, qazilərimizin - ordumuzun şücaəti, döyüş əzmi və xalqımızın birliyi sayəsində 30 illik vətən həsrətinə son qoyulub. Artıq soydaşlarımız işğaldan azad olunan torpaqlarda azad, təhlükəsiz şəkildə yaşamağa başlayıblar.
Qeyd edilib ki, ölkəmizdə şəhidlərin əziz xatirəsi daima uca
tutulub və şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən
böyük diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük
diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu
hiss etdiklərini qeyd edərək bütün bunlara görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə
ediblər.