Bakı. Trend:
İmtahanlara hazırlaşan şəhid övladlarına və qazilərə müəyyən vəsaitlər hədiyyə edilir və onların müxtəlif növ sınaq imtahanlarında ödənişsiz iştirakına şərait yaradılır.
Trend xəbər verir ki, bunu bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Zəfər Günü” ilə əlaqədar keçirilən tədbirdə deyib.
DİM sədri qeyd edib ki, bu vaxta kimi qazilər həmçinin ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlb olunurlar.
"Bu layihə çərçivəsində 22 qazi artıq ali və orta ixtisas təhsilinə qəbul olunub, 8 nəfər isə hazırda təhsilini davam etdirmək üçün kurslara cəlb olunub",- deyə o əlavə edib.
O bildirib ki, şəhid övladları ilə mütəmadi olaraq psixoloji dəstək, maarifləndirici təqdimatlar, erkən peşə seçimi istiqamətində görüşlər təşkil olunur:
“Bu illər ərzində 781 şəhid övladı bu görüşlərdə iştirak edib, onlara 5554 ədəd dərs vəsaiti, test toplusu və “Qiymətləndirmə tapşırıqları” kitabları hədiyyə olunub.
2025-ci ildən etibarən, şəhid övladlarının maraq və bacarıqlarını daha dərindən tanımaq məqsədilə hazırlanan “Peşə Seçimi” aləti də məhz bu uşaqlara təqdim olunub. Bu prosesə artıq Bakı üzrə 53, regionlar üzrə isə 95 şəhid övladı cəlb olunub”.