Bakı. Trend:
Hazırda Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Tibbi Müəssisələrin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi bu sahədə sistemli şəkildə fəaliyyət göstərir. İki il ərzində peşəkar cəmiyyətlərlə sıx əməkdaşlıq qurulub və ardıcıl şəkildə protokollar təqdim olunur, müvafiq şura tərəfindən təsdiqlənir. Bu proses beynəlxalq təcrübəyə əsasən illərlə vaxt tələb edir, lakin inanırıq ki, növbəti üç il ərzində vahid standartlar əsasında əsaslı sənəd bazasına sahib olacağıq.
Trend xəbər verir ki, bunu bu gün səhiyyə naziri Teymur Musayev Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Dövlət müəssisələrindəki radioloji və laborator xidmətlərin özəl qurumlarla əməkdaşlıq əsasında təşkilinə dair suallar da verildi. Səhiyyə Nazirliyinin tabeliyində olan 9 elmi-tədqiqat institutu daxilində bu xidmətlər həmin müəssisələrin bölmələri tərəfindən həyata keçirilir və əldə olunan gəlir birbaşa həmin institutlara məxsusdur. Bu gəlirlər də əsasən əməkhaqqı əlavələrinin və həkimlərin rifahının təmin edilməsinə yönəlir” – deyə nazir bildirib.
T.Musayev vurğulayıb ki, vahid yanaşmanın təmin olunması üçün artıq layihə hazırlanaraq aidiyyəti qurumlara göndərilib:
“Qısa müddətdə bu yanaşmanın tətbiq ediləcəyini və bu sahədəki sualların gündəmdən düşəcəyini düşünürük”.
