Bakı. Trend:
QHT-lərə dövlət Dəstəyi Agentliyi 2023-cü ildə 24 layihəni, 2024-cü ildə 29 layihəni, 2025-ci ildə isə 51 layihəni dəstəkləmişdir. Bu rəqəmlər göstərir ki, qeyri-hökumət təşkilatlarının bu sahəyə marağı ildən-ilə artır.
Trend xəbər verir ki, bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
O qeyd edib ki, bu çərçivədə 50-dən çox konfrans və forum təşkil olunub, 25 kitab nəşr edilib, 11 film hazırlanıb, həmçinin 21 videoçarx təqdim olunub. Üç il ərzində ümumilikdə 104 layihə dəstəklənib:
“Bu layihələr yalnız Azərbaycanın müxtəlif regionlarında deyil, eləcə də xaricdə, Rumıniyada, Budapeştdə, Qazaxıstanda, Özbəkistanda, İspaniyada, Niderlandda və digər ölkələrdə həyata keçirilib”.
O vurğulayıb ki, son illər olduğu kimi, 2026-cı ildə də qrant müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” prioritet istiqamətdir:
“Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə üstünlük veriləcək”.
