Bakı. Trend:
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.
Bu barədə Trend-ə Xaçmaz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Xudat-Nabran avtomobil yolunun kənarında keçirilən aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənc könüllülər iştirak ediblər.
Aksiya çərçivəsində torpaq-iqlim şəraitinə uyğun gələn 1000-dən çox şam ağacı əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Şanlı Zəfərimizin beş illiyi münasibətilə keçirilən aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına və vətəndaşlar arasında təbiətə qayğı hissinin təbliğinə yönəlib.
İl ərzində Xaçmaz rayonunda yaşıllaşdırma, yaşıllıqlara qulluq və abadlıq işlərinin davam etdirilməsi nəzərdə tutulub.