Bakı. Trend:
Azərbaycanın sosial inkişaf gündəliyində mühüm yer tutan məsələlərdən biri uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsidir. Rəsmi statistikaya görə, ölkədə təxminən 390 min uşaq məktəbəqədər təhsildən kənarda qalır. Bu rəqəm təkcə təhsil göstəricisi deyil, həm də gələcək insan kapitalına yönəlik ciddi sosial və iqtisadi problemin göstəricisidir.
Mövcud vəziyyət təhsil idarəetməsi üzrə ekspert Rasif Dünyamalıyev tərəfindən bir neçə tərəfdən analiz olunur.
Müasir dövrdə bir çox dövlətlər məktəbəqədər təhsilə cəlb olunmanı artırmaq üçün ardıcıl strategiyalar həyata keçirir. Avropa İttifaqı üzrə 3 yaşdan yuxarı uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi 94,6%, bəzi ölkələrdə isə, məsələn Fransada, bu göstərici 100%-ə yaxındır. Türkiyədə isə bu nisbət cəmi 48,6% təşkil edir. Bu müqayisə göstərir ki, məktəbəqədər təhsilə diqqət təkcə sosial siyasət deyil, həm də uzunmüddətli iqtisadi rifahın əsas göstəricisidir.
Erkən uşaqlıq inkişafı və “ilk 1000 gün” yanaşması
Təhsil mütəxəssisləri uşağın doğulduğu andan etibarən ilk 1000 günü onun gələcək inkişafı üçün həlledici mərhələ kimi qiymətləndirirlər. Bu dövrdə uşağın aldığı qidalanma, emosional münasibətlər və motivasiya mühiti onun fiziki, sosial və idrak inkişafının təməlini qoyur. İlk mərhələdə ailə mühiti əsas rol oynasa da, növbəti illərdə məktəbəqədər müəssisələrin rolu ön plana keçir. Bu müəssisələr uşağın sosiallaşmasını, emosional sabitliyini və müstəqil öyrənmə bacarıqlarını dəstəkləməlidir.
Tibbi baxımdan da bu dövr kritik əhəmiyyət daşıyır. Araşdırmalara görə, 1–6 yaş arasında uşağın sinir sisteminin təxminən 60%-ə qədəri formalaşır, beyin çəkisi isə doğulduğu anda 350–400 qramdan 6 yaşda yetkin beynin 90–95%-i səviyyəsinə çatır. Bu mərhələdə gecikmə və ya stimullaşdırmanın olmaması sonrakı idrak, sosial və emosional bacarıqların inkişafını ləngidir. Beləliklə, məktəbəqədər təhsil uşağın yalnız bilik qazanması deyil, həm də şəxsiyyət formalaşmasının ilkin mərhələsidir.
İqtisadi və sosial baxış: Heckman modeli
İqtisadiyyat üzrə Nobel mükafatı laureatı James Heckman uşaqlıq dövrü təhsil investisiyalarının uzunmüddətli sosial və iqtisadi təsirlərini empirik olaraq sübut etmişdir. Onun tədqiqatları göstərir ki, erkən yaşlarda (xüsusən 0–3 yaş dövründə) uşaqlara edilən investisiya, daha sonrakı təhsil mərhələlərinə edilən xərclərlə müqayisədə 7–13 dəfə daha çox sosial gəlir gətirir. Heckman modelinə görə, erkən təhsilin əsas nəticələri aşağıdakılardır:
- Yüksək keyfiyyətli məktəbəqədər təhsil alan uşaqların gələcəkdə gəlirləri orta hesabla 14–20% daha yüksək olur;
- Sosial vərdişlər, məsuliyyət, dözümlülük və emosional tənzimləmə kimi “non-cognitive skills” həyat uğurunun əsas göstəricilərindəndir;
- Erkən təhsil yoxsulluq riskini azaldır, cinayətkarlıq səviyyəsini endirir və sosial bərabərliyi gücləndirir;
- Valideynlərə yönəlik təlim və dəstək proqramları bu təsirləri daha da artırır.
Carolina Abecedarian Project və Perry Preschool Project kimi uzunmüddətli tədqiqatlar da bu nəticələri təsdiqləmişdir. 0–5 yaş arasında keyfiyyətli məktəbəqədər təhsil alan uşaqların yetkinlik dövründə gəlirləri və təhsil səviyyələri daha yüksək, cinayət meyilləri isə daha aşağı olub.
Azərbaycan konteksti: mövcud vəziyyət və nəticələr
Azərbaycan üçün bu məsələnin aktuallığı xüsusilə böyükdür. 390 min uşağın məktəbəqədər təhsildən kənarda qalması, onların sonrakı təhsil mərhələlərinə və əmək bazarına daxilolma imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Məktəbəqədər təhsil almayan uşaqlar sosial və emosional baxımdan zəif inteqrasiya olunur, özünəinam və motivasiya problemi yaşayır, gələcəkdə iş bacarıqları baxımından geridə qalır. Bu, yalnız fərdi deyil, həm də milli səviyyədə iqtisadi itkilərlə nəticələnir.
Süni intellekt və texnoloji innovasiyaların hökm sürdüyü XXI əsrdə uşaqların baza bacarıqları artıq bağça yaşında formalaşmalıdır. Məktəbəqədər müəssisələrdə öyrənilən sosial münasibətlər, emosional tənzimləmə və idrak bacarıqları gələcək mütəxəssislərin adaptasiya və yaradıcılıq qabiliyyətinin əsasını təşkil edir. Gecikmiş təhsil isə həm fərdlərin, həm də ölkənin inkişaf tempini yavaşladır.
Məktəbəqədər təhsil gələcəyə edilən ən səmərəli investisiyadır
Məktəbəqədər təhsil təkcə uşağın öyrənmə mərhələsinin başlanğıcı deyil, həm də cəmiyyətin gələcək rifahının təməlidir. Son onilliklərdə Azərbaycan cəmiyyəti investisiyanı əsasən ali təhsil mərhələsinə yönəldib, lakin müasir elmi sübutlar göstərir ki, sosial və iqtisadi baxımdan ən yüksək gəlirlilik erkən yaş müdaxiləsindədir. Valideynlər, təhsil qurumları və dövlət strukturları uşağın ilk illərinə daha sistemli yanaşmalı, məktəbəqədər təhsil siyasətini sosial prioritetə çevirməlidirlər.
Unutmaq olmaz ki, erkən yaşda təhsildən kənarda qalan uşaq gələcəkdə inkişaf üçün daha çox resursa, daha çox vaxta və daha çox dəstəyə ehtiyac duyur. Bu isə həm fərdi, həm də milli səviyyədə strateji gecikmə yaradır. Məktəbəqədər təhsil gələcəyə edilən ən səmərəli investisiyadır — və bu investisiyanın vaxtı elə indidir.
