Bakı. Trend:
Vətən müharibəsində şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə SOCAR-ın təşkilatçılığı ilə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı layihə həyata keçirilib.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
Layihə çərçivəsində SOCAR-ın Vətən müharibəsində Şəhid olmuş əməkdaşlarının ailə üzvləri, Vətən müharibəsi veteranları və “SOCAR Könüllüləri” qrupunun üzvlərinin görüşü keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları — Rövşən Həsənzadə, Ravil Salmanov, Pərviz Quliyev, Xilqət Musayev, Xəyal Cavadov, həmçinin Şəhid əməkdaşımız Şahgündüz Cabbarovun qardaşı Nemət Cabbarov və rəmzi olaraq SOCAR-ın 44 könüllüsü iştirak edib.
Görüşdə həyat hekayələri, keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşən qəhrəmanlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılmış Zəfərimizin şanlı səhifələrindən, sülhün bərqərar olunması istiqamətində əldə edilən tarixi nailiyyətlərdən, dövlətimiz tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi veteranlarına göstərilən qayğıdan bəhs edib, könüllüləri maraqlandıran sualları cavablandırıblar.
Layihə çərçivəsində SOCAR-ın təşəbbüsü ilə ərsəyə gətirilən “Zəfər Yolu” klipi nümayiş olunub.
Sonda ağacəkmə aksiyası keçirilib.