Bakı. Trend:
2025-ci ilin ilk üç rübü ərzində “Şahdəniz” yatağından hasil edilən qazın sutkada orta hesabla təxminən 74,5 milyon standart kubmetr (təqribən 2,63 milyard standart kub fut) həcmində hissəsi Səngəçal terminalından ixrac olunub.
Bu barədə Trend bp-yə istinadən xəbər verir.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu göstərici təxminən 74 milyon kubmetr təşkil edib ki, bu da illik ifadədə 0,7 faiz artım deməkdir.
Qaz Cənubi Qafqaz boru kəməri (SCP), o cümlədən onun genişləndirilmiş sistemi, həmçinin terminalın qaz-emalı qurğularını “Azəriqaz”ın milli şəbəkəsi ilə birləşdirən Azərbaycan boru kəmərləri vasitəsilə ixrac edilir.
2025-ci ilin üçüncü rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilən neft və qaz sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql olunmağa davam edib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
