Bakı. Trend:
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji sahəsində regional layihələrin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində Mərkəzi Asiyada enerji keçidi məsələlərinə dair İnvestisiya Forumunda bildirib.
“Son illərdə Mərkəzi Asiya ölkələri regionun zəngin bərpa olunan enerji resurslarından və enerji keçidi üçün zəruri olan kritik minerallardan istifadə məqsədilə mühüm layihələr həyata keçirirlər. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə bərpa olunan enerji sahəsində regional layihələrin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verir. Bu kontekstdə biz Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi üzrə strateji təşəbbüsə dair əməkdaşlığa start vermişik. Bu təşəbbüs ölkələrimizin yaşıl enerji keçidindəki rolunu gücləndirmək və enerji təhlükəsizliyini möhkəmləndirmək məqsədini daşıyır. Bu səylər beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaradır”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.