Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) COP29 çərçivəsində ESG (Ətraf Mühit, Sosial və İdarəetmə) prinsiplərinin Fondun investisiya portfelinə inteqrasiyası mövzusunda tədbir təşkil edib.
Trend xəbər verir ki, bu gün Mavi zonada keçirilən tədbirə ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramovun açılış nitqi ilə start verilib.
"Biz ESG prinsiplərini investisiya strategiyamızın ayrılmaz hissəsi kimi qəbul edir və bu yanaşma ilə gələcək nəsillər üçün dayanıqlı dəyər yaratmağı hədəfləyirik," —Bəhruz Bəhramov bildirib. "Məsuliyyətli investisiyalar vasitəsilə həm iqtisadi inkişafı, həm də sosial və ekoloji tərəqqini təmin etmək bizim əsas prioritetlərimizdən biridir."
Tədbirdə ARDNF-nin dayanıqlılıq üzrə mütəxəssisləri - Nigar Əzizova, Alternativ investisiyalar üzrə baş təhlilçi və Əli Hüseynov, Alternativ risklər üzrə təhlilçi təqdimatla çıxış ediblər. Onlar ESG prinsiplərinin ARDNF-nin səhmlər və daşınmaz əmlak portfellərində tətbiq edilmə səbəblərinə dair dərin təhlil təqdim edərək, bu istiqamətdə indiyə qədər atılmış əsas addımlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb, o cümlədən iqlim dəyişikliyi və sosial bərabərsizlik kimi kritik problemlərin həlli və davamlı inkişaf yollarının müəyyənləşdirilməsi istiqamətində ARDNF-nin yanaşmasını izah ediblər.
Bu tədbir vasitəsilə ARDNF, ESG prinsiplərini investisiya strategiyasının mərkəzinə yerləşdirərək, dayanıqlı və iqtisadi cəhətdən sağlam bir gələcəyin formalaşdırılmasında məsuliyyətini və rolunu vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.