...

Mərkəzi Asiyanın enerji potensialının tam reallaşması üçün regional əməkdaşlığın genişləndirilməsi zəruridir - Vitse-prezident

İqtisadiyyat Materials 15 Noyabr 2024 12:07 (UTC +04:00)
Mərkəzi Asiyanın enerji potensialının tam reallaşması üçün regional əməkdaşlığın genişləndirilməsi zəruridir - Vitse-prezident
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Əlaqələndirilmiş enerji sistemləri və transsərhəd ticarət Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinin dəyişkənliyini balanslaşdırmağa kömək edə bilər.

Trend xəbər verir ki, bunu Dünya Bankının vitse-prezidenti Antonella Bassani COP29 çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dair İnvestisiya Forumunda deyib.

“Bərpa olunan enerji mənbələri daha əlçatan olduğu üçün enerji təhlükəsizliyini artırmaq üçün yol açır və onlar ölkə daxilində istehsal edilə bilər. Mərkəzi Asiyanın enerji potensialını tam şəkildə reallaşdırmaq üçün regional əməkdaşlığın genişlənməsi vacibdir.

Regionda bərpa olunan enerji istehsalını genişləndirmək və regional ticarətin istifadə edilməmiş üstünlüklərindən yararlanmaq üçün əhəmiyyətli imkanlar mövcuddur.

Hazırda Mərkəzi Asiyada enerji tələbatının cəmi 2,5 faizi ticarət yolu ilə təmin edilir və sistemlərarası gücün təxminən 40 faizi istifadə olunur. Əlaqələndirilmiş enerji sistemləri və transsərhəd ticarət bərpa olunan enerjinin dəyişkənliyini balanslaşdırmağa, şəbəkələri sabitləşdirməyə və həm iqtisadi, həm də ekoloji üstünlüklər təmin etməyə kömək edə bilər.

Bundan əlavə, belə ticarət, qalıq yanacaqların qiymət dəyişkənliyinə həssaslığı azaltmaq və enerji subsidiyalarının fiskal yükünü yüngülləşdirməklə enerji təhlükəsizliyini artıra bilər”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti