Bakı. Trend:
Enerji keçidi yeni texnologiyaların tətbiqi olmadan mümkün deyil.
Trend xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.
“Texnoloji amillərdən bəhs etmək vacibdir, çünki enerji keçidi ən yaxşı mövcud texnologiyalar da daxil olmaqla, yeni texnologiyaların tətbiqi olmadan mümkün deyil.
Bu baxımdan, enerji sahəsində modernizasiya üzrə milli layihələrimizdə Qazaxıstanın sənaye potensialını, həmçinin, innovasiyaların dəstəklənməsini və texnologiyaların transferini nəzərə alırıq. Karbon neytrallığına nail olmaq iqtisadiyyatımızın vacib bir hissəsidir və biz ümumilikdə, COP29-un təşkilatçısı olan Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsləri dəstəkləyirik. Ümumilikdə, niyyətlərimiz imzalanmış sənədlərlə təsdiqlənir”, - İlyas Bakıtcan vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.