...

COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2024 13:51 (UTC +04:00)
COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə etiraz aksiyası keçirib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən yerli xalqların hüquqlarının kütləvi pozulması əleyhinə Mavi Zonada etiraz aksiyası keçirilib.

Trend xəbər verir ki, aksiyada müstəmləkə güclərinin istismar siyasətinin və onun ağır nəticələrinin, xüsusilə ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub.

Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdən dənizaşırı ərazilərdə insan hüquqlarının kobud pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarınının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar.

Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib. Nümayəndələr bu ərazilərdə müstəmləkə güclərinin zərərli fəaliyyətlərindən yaranan problemlərin həlli ilə bağlı konkret tələbləri öz şüarlarında əks etdiriblər. Şüarlar arasında “Dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasını dayandırın”, “Zərərçəkən əhaliyə kompensasiya ödənilsin”, “Ətraf mühitə vurulan ziyan bərpa edilsin”, “Yerli xalqların səsini eşidin” və “dənizaşırı ərazilərdə nüvə sınaqlarının təsirləri insanları öldürür” yer alıb.

Aksiya iştirakçıları müstəmləkəçiliyin müasir dövrdəki təsirlərinin ciddi şəkildə araşdırılmasını və bu məsələnin beynəlxalq birliyin ciddi addımlar atmasının vacibliyini vurğulayıblar. Onlar həmçinin, müstəmləkəçilik dövründən sonra da davam edən istismar və hüquq pozuntularına qarşı təcili tədbirlər görməyin vacibliyini bəyan ediblər. İştirakçılar müstəmləkəçilik əleyhinə daha geniş beynəlxalq həmrəyliyin qurulması və yerli xalqların haqlarının təmin olunması üçün daha güclü siyasi və hüquqi addımlar atılması ilə bağlı çağırış ediblər.

Xatırladaq ki, bu, COP çərçivəsində Mavi Zonada Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən birinci aksiyadır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti