...

Mərkəzi Asiya ölkələrinin ümumi və regional dayanıqlığa nail olmaq üçün iddialı planları var - Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 11:00 (UTC +04:00)
Mərkəzi Asiya ölkələrinin ümumi və regional dayanıqlığa nail olmaq üçün iddialı planları var - Nazir müavini
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya ölkələri gələcəkdə ümumi və regional dayanıqlığa, ekoloji təhlükəsizliyə nail olmaq üçün iddialı planlara malikdirlər.

Trend xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.

“Ölkələrimizin gələcəkdə ümumi və regional dayanıqlığa, ekoloji təhlükəsizliyə nail olmaq üçün iddialı planları var. COP29 çərçivəsində biz yaşıl enerjinin inkişafı üzrə böyük hökumətlərarası layihələrin həyata keçirilməsini uğurla elan etdik. Xüsusilə, Qazaxıstan, Azərbaycan və Özbəkistan prezidentləri Xəzər dənizinin dibi ilə dərin sulu kabelin tikintisinə dair hökumətlərarası saziş imzaladılar. Bu, gələcəkdə Avropaya yaşıl enerji ixracı üçün infrastrukturun yaradılmasına töhfə verəcək ən böyük regional layihədir”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti