...

COP for Hope: COP29 Bakıda insanlığın gələcəyini dəyişdirmək üçün təşkil olunub - Yəməndən nümayəndə

Yaşıl iqtisadiyyat Materials 14 Noyabr 2024 17:00 (UTC +04:00)
COP for Hope: COP29 Bakıda insanlığın gələcəyini dəyişdirmək üçün təşkil olunub - Yəməndən nümayəndə
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Yəməndən olan “Global Institute for Water, Environment and Health” təşkilatının nümayəndəsi Fathi Xaleddir.

O, Trend-ə açıqlamasında bildirib ki,Bakıda keçirilən COP29 insanlığın gələcəyini dəyişdirmək və bizi yaşıl dünya naminə birləşdirmək üçün təşkil olunub.

“Mən Yəməndənəm, lakin hazırda yaşayıb işlədiyim Cenevrədən (İsveçrə) gəlmişəm. İlk dəfədir Azərbaycana gəlirəm, bura həqiqətən, heyranedici, gözəl bir ölkədir, mehriban insanları var. Mən sizin ölkənizə ilk baxışdan vuruldum.

Burada hər şey yüksək səviyyədə təşkil olunub, Azərbaycanda olmağımızdan və dünya konfransında iştirak etməkdən məmnunuq. Dünyanın hər yerindən insanlar buraya insanlığın gələcəyini yaşıl dünya üçün dəyişmək məqsədilə gəlib. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün çox səy göstərməliyik və ümid edirik ki, tədbirin miqyasını nəzərə alaraq, gələcək nəsillər üçün ən yaxşısını edəcəyik.

Fikrimcə, hər yerdə ağac əkmək, bizi ana kimi bəsləyən təbiətə qayğı göstərmək çox vacibdir. Bu, bizim planetimizdir. Hər birimiz bu ailənin oğlu və ya qızı olaraq Ana Planetimizə (Yer) qayğı göstərməliyik”, – deyə Fathi Xaled qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti