Bakı. Trend:
Bizi 1,5 selsiyə yaxınlaşdıran istənilən rəqəm düzgün istiqamətdə bir addımdır.
Trend xəbər verir ki, bunu COP29 çərçivəsində “Qalıq yanacaqlardan keçid: Çətinliklər və Troyka ölkələrində iqlim fəaliyyətləri üçün imkanlar” mövzusunda keçirilən tədbirdə COP29-un baş icraçı direktoru, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.
O, birgə iqlim fəaliyyətinin aktuallığını və qlobal ekoloji davamlılığın inkişafında COP29-un rolunu vurğulayıb.
E.Soltanov müvəqqəti dekarbonizasiyanın vacibliyini vurğulayaraq, heç bir ölkənin bu məsələni təkbaşına həll edə bilməyəcəyini bildirib.
“Bütün dövlətlər metan emissiyalarının azaldılması prosesinə töhfə verməlidir. Uyğunlaşma səyləri üçün artan maliyyə vacibdir ", - deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.