...

Enerji səmərəliliyinin artırılması Mərkəzi Asiya iqtisadiyyatlarının davamlı inkişafı üçün çox vacibdir - İİB

İqtisadiyyat Materials 15 Noyabr 2024 13:08 (UTC +04:00)
Enerji səmərəliliyinin artırılması Mərkəzi Asiya iqtisadiyyatlarının davamlı inkişafı üçün çox vacibdir - İİB
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Asiya iqtisadiyyatlarının dayanıqlı inkişafını təmin etmək üçün enerji səmərəliliyinin artırılması və iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılması üzrə strategiyaların tətbiqi həlledici əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bunu İslam İnkişaf Bankının (İİB) qlobal təcrübə və tərəfdaşlıqlar üzrə baş direktoru İsa Faye Mərkəzi Asiyada enerji keçidinə investisiya və maliyyə cəlb etmək üçün regional əməkdaşlıq məsələlərinə həsr olunmuş yüksək səviyyəli panel müzakirə zamanı deyib.

“Regionda bərpa olunan enerji mənbələri sahəsi böyük əhəmiyyət kəsb edir, çünki burada günəş, külək, hidro, biokütlə və digər mənbələrdən istifadə üçün əhəmiyyətli potensial mövcuddur. Bu, daha təmiz və bərpa olunan enerji mənbələrinə keçid üçün böyük imkanlar yaradır”, - deyə o bildirib.

İsa Faye qeyd edib ki, bununla yanaşı, bank hesab edir ki, regional inteqrasiyanın faydalarını əldə etmək üçün daha çox diqqət tələb edən bir neçə aspekt mövcuddur.

“Birincisi, enerji səmərəliliyini artırmaq və bərpa olunan enerji mənbələrinə keçidi stimullaşdırmaq üçün regionda güclü siyasi iradə, həmçinin əlaqələndirilmiş enerji siyasətləri və idarəetmə çərçivələrinin mövcudluğu vacibdir”, - deyə o vurğulayıb.

Daha sonra o qeyd edib ki, regionda bərpa olunan enerji mənbələrinin vəziyyəti ilə bağlı məlumatların toplanması, həmçinin bu sahəyə investisiya imkanlarının və problemlərinin müəyyən edilməsi əsaslandırılmış qərarların qəbul edilməsi üçün vacibdir. Bu, bərpa olunan enerji mənbələrinin ekosisteminin yaxşılaşdırılmasına və enerji keçidinin sürətlənməsinə kömək edəcək.

“Üçüncüsü, Mərkəzi Asiya ölkələri və qonşu regionlar arasında transsərhəd enerji ticarətinin təşviqi vacibdir. Bu, regional iqtisadi inteqrasiyaya və regional əlaqəliliyə töhfə verərək region ölkələri üçün enerji istehsalının dəyərini azaltmağa imkan yaradacaq. “CASA-1000” kimi regiondakı müxtəlif ölkələri birləşdirən elektrik ötürücü infrastrukturlarından istifadə edərək, növbəti on il ərzində əməliyyat xərclərini 6,4 milyard dollaradək azaltmaq mümkün olacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti