Bakı. Trend:
Ukrayna Müdafiə Nazirliyi “Dron Line” layihəsində iştirak edən hərbi hissələrin təcili ehtiyaclarının ödənilməsi üçün 191,8 milyon dollar ayırıb.
Trend xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal "Telegram" kanalında məlumat verib.
“Biz Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarına (PUA) yatırımları artırır və müdafiə qüvvələrimizi gücləndiririk. Ali Baş Komandanlığın qərargahının qərarına əsasən, Müdafiə Nazirliyi ordu ehtiyacları üçün vəsaitin yenidən bölüşdürülməsi barədə qərar qəbul edib”, – deyə Şmıqal bildirib.
Nazirin sözlərinə görə, bu qərar "Magyar quşları", K2, "Raroq", "Axilles", "Nemesis" və "Qara meşə" kimi bölmələrin dərhal maliyyələşdirilməsini təmin edəcək.
Bundan əlavə, dron əleyhinə müdafiə sistemləri üçün də 23,9 milyon dollar vəsait ayrılıb.
Şmıqal onu da qeyd edib ki, Ukrayna xarici tərəfdaşlarla birlikdə “Dron Line” layihəsinin maliyyələşdirilməsi istiqamətində iş aparır. Niderlandla imzalanmış ikitərəfli saziş çərçivəsində Ukrayna istehsalçılarından PUA-ların alınması nəzərdə tutulur. Bu prosesə dəstək olaraq, dövlətə məxsus "Oschadbank" artıq 837 milyon avro dəyərində müqavilələr üçün bank zəmanəti verib.