Bakı. Trend:
İtaliyanın şimal-şərqində yerləşən Alp dağlarının ecazkar təbiət mənzərəsinə malik Dolomitlər bölgəsində sakinlər turistlərin artan axınına qarşı mübarizə üçün dağ yollarına turniket sistemi quraşdırıblar.
Trend xəbər verir ki, bu addım sosial medianın təsiri ilə bölgəyə gələn turist sayının hər gün artması səbəbindən atılıb. Sakinlər xüsusilə səyyahlar və influnserlərin vəziyyətin pisləşməsində məsuliyyət daşıdığını vurğulayırlar.
Onların sözlərinə görə, səyyahlar və influnserlər bölgəyə gələn turistlərin sayının artmasına səbəb olur, nəticədə ziyarətçilər təbiətə ciddi ziyan vurur, həmçinin yaxşı fotoşəkil üçün şəxsi ərazilərə daxil olurlar. Buna görə də bəzi yerlərdə turniketlər quraşdırılıb və turistlərdən 5 avro məbləğində ödəniş tələb olunur.
Qeyd edək ki, İtaliya qanunlarına əsasən təbii parklara giriş pulsuzdur.
2009-cu ildə Dolomitlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.