...

OPEC+ ölkələri neft hasilatının artırılmasını planlaşdırır

Dünya xəbərləri Materials 3 Avqust 2025 02:13 (UTC +04:00)
OPEC+ ölkələri neft hasilatının artırılmasını planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səkkiz OPEC+ ölkəsi – Rusiya, Səudiyyə Ərəbistanı, Oman, Qazaxıstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Əlcəzair – avqustun 3-də keçiriləcək iclasda sentyabr ayı üçün neft hasilatını gündəlik 548 min barel artırmağı təsdiqləməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məsələdən xəbərdar nümayəndəyə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı və tərəfdaşları videokonfrans formatında keçiriləcək görüşdə hasilat artımını rəsmiləşdirməyi planlaşdırır. Bu artım OPEC+ daxilində tətbiq olunan könüllü hasilat məhdudiyyətlərindən çıxış prosesinin növbəti mərhələsidir.

Qeyd edək ki, sözügedən ölkələr əvvəlcədən razılaşdırılmış məhdudiyyətlər çərçivəsində 2026-cı ilin sonuna qədər hasilatı 1,65 milyon barel azaldacaqlarına dair öhdəlik götürüblər. Bu yanaşmaya əlavə olaraq, 2,2 milyon barel həcmində əlavə könüllü azalmalar da tətbiq olunmuşdu.

BƏƏ-nin kvotasına gəlincə, 2024-cü ilin aprelindən etibarən gündəlik 300 min barel artımla kvota tədricən artırılmağa başlanıb. Yeni qərarlar bu artımı da nəzərə alacaq.

May ayında OPEC+ ölkələrinin “səkkizliyi” hasilat məhdudiyyətlərini daha sürətlə ləğv etmək qərarına gələrək birdən-birə gündəlik 411 min barel artırıma keçdi. İyun və iyulda da analoji addımlar atılıb. Avqust ayında isə hasilat artımı sutkada 548 min barel səviyyəsində müəyyən edilib.

Bununla belə, ölkələr əvvəlki dövrlərdə normanı aşan hasilatları kompensasiya etmək üçün OPEC Katibliyinə təqdim etdikləri təzminat cədvəllərinə riayət etməlidirlər. Bu səbəbdən, avqust ayında faktiki icazə verilən maksimum artım 502 min barel/sutka həddində olacaq.

OPEC+ “səkkizliyi” sentyabr ayı üzrə hasilat səviyyəsinin təsdiqi üçün avqustun 3-də iclas keçirəcək. Əlavə hasilat edən ölkələr avqustun 18-dək artıq hasilatı kompensasiya etmək üçün yenilənmiş təzminat cədvəlləri təqdim etməlidirlər.

Xəbər lenti

Xəbər lenti