Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb.
Trend xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən, ay ərzində 50-dək uşağa xidmət göstərəcək Mərkəz xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib.
Burada mütəxəssislər tərəfindən əlilliyi olan, həmçinin, digər həssas qruplara aid uşaqlara psixoloji, pedoqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilir.
Mərkəzdə uşaqların həm fərdi, həm qrup şəklində sosial-reabilitasiya xidmətlərinə cəlb edilməsi, valideynlərinin isə uşaqları ilə bağlı valideyn bacarıqlarının artırılması istiqamətində təlimlərə cəlbi nəzərdə tutulur.
Hazırda ölkə üzrə Sosial Xidmətlər Agentliyinin 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir.
Bu mərkəzlərdə ötən dövrdə 1059 nəfər sosial-psixoloji reabilitasiya xidməti ilə təmin edilib. Hazırda 239 nəfər müvafiq xidmətlərdən yararlanır.