Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunub.
Trend xəbər verir ki, bunu “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri ilə görüş və mükafatlandırma mərasimində kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Onun sözlərinə görə, son illərdə bu sahədə həyata keçirilən sistemli islahatlar, innovativ texnologiyaların tətbiqi, müasir infrastrukturun qurulması və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi kənd təsərrüfatının dayanıqlı və rəqabətədavamlı inkişafına ciddi stimul verib. Bu istiqamətdə əldə olunan uğurlar həm ölkənin ərzaq təhlükəsizliyi baxımından, həm də regionların sosial-iqtisadi dirçəlişi baxımından mühüm strateji önəm daşıyır.
M.Məmmədov qeyd edib ki, Prezidentin aqrar sahəyə göstərdiyi xüsusi diqqət və qayğı bizim fəaliyyətimizin daha məqsədyönlü və kompleks yanaşma əsasında qurulmasını şərtləndirir:
"Aqrar sektorun uğurlu inkişafı yalnız maddi-texniki baza ilə deyil, eyni zamanda bu sahədə çalışan savadlı, bacarıqlı və yüksək məsuliyyət hissinə malik kadrlarla mümkündür. Bu səbəbdən də kənd təsərrüfatında insan kapitalının gücləndirilməsi, idarəetmə qabiliyyəti olan peşəkarların aşkarlanması və inkişafının dəstəklənməsi xüsusi aktuallıq kəsb edir.
Bildiyiniz kimi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Yüksəliş” İctimai Birliyi ilə birgə Nazirlik sistemində fəaliyyət göstərən əməkdaşlarımız üçün “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqə uğurla həyata keçirilmişdir. Proqramın əsas məqsədi kənd təsərrüfatında çalışan, yüksək intellektual səviyyəyə və idarəetmə qabiliyyətinə malik şəxsləri müəyyənləşdirmək, onların peşəkar inkişafını dəstəkləmək və gələcək üçün dayanıqlı kadr bazasını formalaşdırmaqdır. “Üfüq” bizim üçün sadəcə bir proqram yox, aqrar sektorun müasir kadr siyasətinin təməlini qoyan bir addımdır".
“Üfüq” proqramı adına uyğun olaraq, yeniliklərə açılan qapı, fərqli düşüncə tərzi və inkişaf üçün yeni perspektivlər təqdim edir. Müsabiqənin bütün mərhələləri — ilkin qeydiyyatdan başlayaraq finala qədər — şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil olunub. Bu prosesə “Yüksəliş” müsabiqəsinin peşəkar təşkilati heyətinin cəlb olunması, onların uzun illər ərzində formalaşmış qiymətləndirmə bacarıqları və metodoloji dəstəyi “Üfüq” proqramının keyfiyyətinə mühüm töhfə verib", - kənd təsərrüfatı naziri deyib.
Nazir sonda qeyd edib ki, bu gün artıq “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsi uğurla başa çatıb və 30 qalib iştirakçımız müəyyən olunub:
"Bu nəticə hər birinizin göstərdiyi yüksək peşəkarlığın, liderlik potensialınızın və gələcək məsuliyyətlərə hazırlığınızın bariz göstəricisidir. Qalibiyyətiniz yalnız bu günə qədər olan nailiyyətlərinizin göstəricisi deyil, eyni zamanda peşəkar inkişaf yolunuzda yeni və daha geniş imkanların başlanğıcıdır.
“Üfüq” proqramı ilə əldə etdiyiniz bu uğur sizə daha böyük hədəflərə doğru inamla irəliləmək üçün möhkəm zəmin yaradır.Qarşıda sizi fərdi inkişaf təlimləri, kouçinq sessiyaları, komanda quruculuğu tədbirləri və təcrübəli mentorlarla əməkdaşlıq imkanları gözləyir.
Bu mərhələlər sizə öz potensialınızı daha da üzə çıxarmaq, idarəetmə bacarıqlarınızı təkmilləşdirmək və gələcək karyeranızda uğur qazanmaq üçün geniş şərait yaradacaq.İnanıram ki, “Üfüq” Karyera İnkişaf Proqramı sizin üçün yeni üfüqlər açmaqla yanaşı, liderlik yolunda mühüm təməl rolunu oynayacaq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və əminəm ki, burada qazandığınız bilik, bacarıq və təcrübə ölkəmizin kənd təsərrüfatı sahəsində davamlı inkişafına dəyərli töhfələr verəcək".