...

Azərbaycan qazının Suriyaya ixracına başlanıldı (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 2 Avqust 2025 11:46 (UTC +04:00)
Azərbaycan qazının Suriyaya ixracına başlanıldı (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Kilis: Trend:

2 avqust 2025-ci il tarixində Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Suriyanın, Qətərin hökumət nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov 2025-ci il aprelin 11-də Antalyada, daha sonra isə cari il iyulun 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti cənab Əhməd Əl Şaraa ilə görüşlərində əldə edilmiş razılaşmalara uyğun olaraq, qısa müddətdə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlandığını bildirib.

Bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyini qeyd edən nazir iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin bütün sahələri, o cümlədən enerji sektorunu əhatə edən strateji əməkdaşlığının bu tarixi əhəmiyyətə malik layihənin də çox qısa zaman ərzində icrasını mümkün etdiyini deyib. Belə ki, qardaş ölkələrimiz Suriyanın yenidən qurulması və inkişafına dəstək istiqamətində birgə fəaliyyət göstərir, önəmli addımlar atırlar.

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkəmizin enerji ixracı tarixində mühüm mərhələdir və Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur. Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayının 14-ə çatdığını söyləyən nazirin sözlərinə görə, SOCAR-ın planları daha böyükdür və hazırda SOCAR xaricdə qaz hasilatı layihələrində paylar əldə edərək şirkətə məxsus qazı yeni istehlakçı ölkələrə çatdırmağı planlaşdırır.

SOCAR-ın Müşahidə Şurasının sədri Azərbaycanın həyata keçirdiyi strateji enerji layihələrindən bəhs edərək, bu təşəbbüslərin ölkəmizin regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malik olduğunu bildirib. Nazir qeyd edib ki, Türkiyə-Suriya Təbii Qaz Boru Xəttinin açılışı ilə Azərbaycandan Suriyaya qaz nəqlinin başlanması ölkəmizin etibarlı və strateji enerji təchizatçısı olduğunu bir daha nümayiş etdirir. Bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə mühüm töhfələr verəcək.

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.

SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan “swap” (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib. Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.

Alparslan Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib. İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində, həmçinin Türkiyə və Suriya nümayəndə heyətləri ilə ikitərəfli görüşləri təşkil olunub. Görüşlərdə enerji sektorunda əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

xxx

11:15

Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı ilə bağlı Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.

Trend-in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak edirlər.

Nazirlərin çıxışlarından sonra aparıcı açılış mərasimində iştirak edən rəsmi şəxsləri səhnəyə dəvət edəcək. Daha sonra səhnədə yerləşən vana (klapan) simvolik olaraq çevriləcək. Bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start veriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 milyard kubmetr təbii qazın Suriyaya ixracı planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.

Ümumilikdə, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın yenidən qurulmasında mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Türkiyə üzərindən Kilis xətti ilə Suriyaya çatdırılması Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına və Türkiyənin regional enerji mərkəzi olma hədəfinin gücləndirilməsinə töhfə verməyi məqsəd qoyur.

Xatırladaq ki, cari ilin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycanının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imzalayıblar.

Xəbər lenti

Xəbər lenti