...

Dünya çempionatı: sərbəst güləşçilərimiz mübarizəyə qoşulublar

İdman Materials 2 Avqust 2025 18:43 (UTC +04:00)
Dünya çempionatı: sərbəst güləşçilərimiz mübarizəyə qoşulublar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatı davam edir.

Trend xəbər verir ki, yarışın beşinci günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində sərbəst güləşçilər xalçaya çıxıblar.

48 kq çəki dərəcəsində çıxış edən Rəvan Həsənzadə belaruslu Makar Markoviç üzərində vaxtından əvvəl – 12:0 hesablı qələbə qazanıb. Daha sonra özbəkistanlı Cahangir Tulkunova qarşı keçirdiyi gərgin qarşılaşmada da üstün olan idmançımız bu görüşdən 4:2 hesablı qələbə ilə ayrılıb. Yarımfinalda amerikalı Ariah Millsə 2:7 hesabı ilə məğlub olan Rəvan sabah bürünc medal uğrunda Gürcüstan təmsilçisi Giorgi Narimanidze ilə Rusiya güləşçisi İslam Rabadanov arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.

55 kq çəki dərəcəsində yarışan Ruslan Əlizadə moldovalı Dan Bulqaru və kanadalı Aaharen Piranavan üzərində ardıcıl olaraq 10:0 hesabı ilə qələbə qazanıb. 1/4 finalda rusiyalı Çingis Sarıqlarla qarşılaşan təmsilçimiz 6:1 hesabı ilə üstünlük əldə etsə də, təşəbbüsü əldən verərək 8:9 hesabı ilə uduzub.

65 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn İsmayılov ilk görüşdə kanadalı Liam Qortonu 4:2, ardınca yunanıstanlı Konstantinos Mixailidisi 11:0 hesabı ilə məğlub edib. Daha sonra qırğızıstanlı Adisbek Altınbekov üzərində 2:1 hesablı qələbə qazanan güləşçimiz yarımfinalda qazaxıstanlı Yerali Askerbekə də qalib gəlib – 3:1. Hüseyn sabah finalda ABŞ təmsilçisi Arseni Kikinyovla qarşılaşacaq.

80 kq çəki dərəcəsində çıxış edən Nihad Süleymanlı debütdə ermənistanlı Vaçe Aslanyanı 7:1 hesabı ilə məğlub edib. 1/4 finala yüksəlməyə yaxın olan təmsilçimiz döyüşün son 3 saniyəsində üstünlüyü əldən verərək rusiyalı İssa Zanqiyevə 5:7 hesabı ilə uduzub.

110 kq-da yer alan Hakim Tağıyev yarışa güclü start verib. O, belaruslu Mikita Tkaçiki vaxtından əvvəl – 10:0 hesabı ilə, amerikalı Aleksander Teyloru isə 7:6 hesabı ilə məğlub edib. 1/4 finalda Avropa çempionu, rusiyalı Maqomedrasul Omarova 0:5 hesabı ilə uduzan pəhləvanımız sabah təsəlliverici görüşdə mübarizə aparacaq. Onun rəqibi Ermənistan təmsilçisi Laert Movsesyan və Çin Taypeyi güləşçisi Yu Çuanq arasında keçiriləcək görüşün qalibi olacaq.

Xəbər lenti

Xəbər lenti