Bakı. Trend:
“Rəqəmsal məktəb” platformasının real rejimdə işləməsi üçün platformanın texniki imkanları araşdırılır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə başlayıb.
"İlkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.
Bildiririk ki, “Rəqəmsal məktəb” platforması pilot rejimdə Bakı şəhəri ərazisində yerləşən ümumi təhsil müəssisələrində tətbiq olunub. Tədris ili bitdiyi üçün hazırda pilot rejimi dövrünün nəticələri təhlil edilir. Real rejimdə işləməsi üçün platformanın texniki imkanları araşdırılır.
Bu mərhələ yekunlaşdıqdan sonra layihənin əhatə dairəsi ilə bağlı qərar veriləcək və ictimaiyyət məlumatlandırılacaq", - deyə Agentlikdən qeyd edilib.