...

“Formula 1” Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə marşallar üçün təlimlər keçirilib (FOTO)

İdman Materials 2 Avqust 2025 18:25 (UTC +04:00)
“Formula 1” Azərbaycan Qran-Prisinə hazırlıq məqsədilə marşallar üçün təlimlər keçirilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində marşallar üçün ixtisaslaşdırılmış praktiki təlimlər davam edir.

Trend xəbər verir ki, növbəti təlim Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə xüsusi olaraq simulyasiyalar əsasında hazırlanmış trekdə həyata keçirilib.

Təlimlərin əsas məqsədi yarış zamanı təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və fövqəladə hallarda operativ müdaxilə imkanlarının gücləndirilməsidir. “Formula 1” kimi yüksək sürətli və texniki baxımdan mürəkkəb idman növündə marşalların rolu əvəzolunmazdır. Onların hadisəyə operativ reaksiya verməsi pilotların həyatı üçün həlledici ola bilər. Bu səbəbdən onların peşəkar şəkildə hazırlanması hər il təşkil olunan Azərbaycan Qran-Prisinin təhlükəsiz və uğurlu keçməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Təlim zamanı iştirakçılar real hadisələr üzərində qurulmuş müxtəlif ssenarilər əsasında praktiki məşğələlərə cəlb olunublar. Onlara pilotun təhlükəsiz şəkildə maşından təxliyəsi, yarışın tezliklə bərpası üçün görüləcək tədbirlər, fərdi qoruyucu vasitələrin düzgün istifadəsi və komanda şəklində çevik fəaliyyət bacarıqları öyrədilir.

Hazırda 2025-ci il Azərbaycan Qran Prisinə hazırlıq prosesi tam sürətlə davam edir və marşalların bu hazırlıqdakı rolu bir daha vurğulanır. Bu kimi simulyasiya əsaslı təlimlər yarış zamanı yüksək təhlükəsizlik standartlarının qorunmasına xidmət edir.

Xəbər lenti

Xəbər lenti