Bakı. Trend:
Avqustun 1-də jurnalistlər üçün təşkil olunan mediatur çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nəzdində fəaliyyət göstərən “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasının qapıları mətbuat nümayəndələrinin üzünə açılıb.
Trend xəbər verir ki, Bakı şəhərindən kənarda, Mərdəkan qəsəbəsində yerləşən bu sanatoriya yalnız istirahət məkanı deyil, həm də müalicə və reabilitasiya baxımından diqqətəlayiq yenilikləri ilə fərqlənməyə başlayıb.
Təbiətin sakitliyi ilə əhatələnmiş 16,9 hektarlıq ərazidə yerləşən sanatoriyada aparılan yenidənqurma işləri, ətraf mühitə zərər vurmadan, sanator-kurort ənənələrinə müasir nəfəs verməyi hədəfləyib.
Sanatoriyanın binası əsaslı şəkildə təmir olunaraq üçmərtəbəli kompleksə çevrilib. Yeni infrastruktura daxil olan SPA mərkəzi, fizioterapiya kabinetləri, lazer və elektromaqnit terapiyası bölmələri artıq fəaliyyətə başlayıb. Həmçinin, ultrasəs müayinəsi, quru hidromasaj, fitobar və digər bir çox funksional xidmətlər də istifadəyə verilib. Jurnalistlərin müşahidə etdiyi əsas məqamlardan biri isə yeni hotel otaqlarının istifadəyə verilməsi ilə bağlı idi – bu da təkcə müalicə deyil, həm də yüksək səviyyəli istirahət imkanlarını təqdim edir.
Mediatur zamanı jurnalistlərə açıqlama verən AHİK-in “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Çingiz Hacıyev sanatoriyada artıq yalnız mədə-bağırsaq xəstəliklərinin deyil, eyni zamanda, uroloji problemlərin də müalicəsinin mümkün olacağını açıqlayıb.
Onun sözlərinə görə, yeni tibbi avadanlıqlar və bu sahədə ixtisaslaşmış mütəxəssislərin cəlb olunması ilə bu istiqamətdə də kompleks xidmətlər göstəriləcək. Beləliklə, sanatoriyanın profili genişləndirilərək, onu daha çox insan üçün cəlbedici və funksional edir.
Burada ən diqqət çəkən məqam sanatoriyanın əvvəlki “putyovka” sistemindən fərqli olaraq, artıq həm təşkilatlar, həm də fərdi şəxslər üçün əlçatan olmasıdır. Yəni istənilən vətəndaş istirahət və müalicəni birləşdirən paketlərdən istifadə edə bilər. Bu da AHİK-in sanatoriyalarını daha açıq və cəlbedici etməklə bağlı son illərdəki strategiyasının tərkib hissəsidir.
Çingiz Hacıyev qeyd edib ki, bu yenilənmə təkcə “Abşeron”la məhdudlaşmayacaq. AHİK-ə məxsus digər sanatoriyalarda – xüsusilə “Bilgəh”, “Günəşli” və “Naftalan” sanatoriyalarında da oxşar yenidənqurma və modernləşdirmə işləri aparılır. Məqsəd həm fiziki, həm də funksional baxımdan bu məkanları beynəlxalq səviyyəyə çatdırmaqdır. Beləliklə, Azərbaycanda kurort turizminin canlandırılması və yerli əhalinin keyfiyyətli tibbi xidmətə əlçatanlığının artırılması qarşıya qoyulan əsas vəzifələr sırasındadır.
Jurnalistlər sanatoriyada tətbiq edilən müasir tibbi texnologiyalarla tanış olduqca həm xidmətlərin genişliyi, həm də infrastrukturun səviyyəsi ilə bağlı müsbət təəssüratlarını gizlətməyiblər. Onlar SPA kapsulalarda tətbiq olunan prosedurların bədənə rahatlaşdırıcı və stresazaldıcı təsirindən, eləcə də, sanatoriyanın ümumi sanitar-gigiyenik səviyyəsindən məmnun qaldıqlarını bildiriblər. Qonaqpərvərlik və personalın peşəkarlığı da diqqət çəkən amillərdən olub.
Bildirilib ki, 16,9 hektar ərazidə yerləşən və 212 çarpayılıq sanatoriyada iki yataq korpusu, bir müalicə korpusu, konfrans zalı, klub və rəqs meydançası vardır. Sanatoriyanın tibbi xidmətləri yüksək standartlara uyğun təşkil edilir. Müayinə otaqları müasir tibbi avadanlıqlarla təchiz olunub və peşəkar tibb personalı tərəfindən 30-dan artıq müalicə xidməti göstərilir. Bu xidmətlərə yod-brom vannaları, tübaj və parafin terapiyası, təbii palçıqla müalicə, eləcə də, müxtəlif fizioterapiya prosedurları daxildir.
Sanatoriyanın tibbi bazasında kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika bölməsi, müalicəvi bədən tərbiyəsi, masaj otaqları və digər tibbi kabinetlər mövcuddur. Müalicə və qidalanma prosesi isə müasir sanatoriya konsepsiyasına uyğun təşkil olunur. Sanatoriya ilboyu fasiləsiz fəaliyyət göstərir. İstənilən şəxs birbaşa müraciət edərək, yerində ödəniş etməklə sanatoriyanın müalicə və istirahət xidmətlərindən yararlana bilər.
Sanatoriyanın texniki infrastrukturu da yenidən qurulub. Belə ki, elektrik təsərrüfatı tamamilə yenilənib, 550 kVA gücündə generator quraşdırılaraq dayanıqlı enerji təchizatı təmin edilib. Sanatoriyanın ümumi ərazisində daxili avtomobil yollarına asfalt örtük çəkilib, kanalizasiya sistemləri yenilənərək mərkəzi kollektor şəbəkəsinə qoşulub. Bundan əlavə, sanatoriyada Wi-Fi internet, IP telefoniya sistemi və təhlükəsizlik kameraları quraşdırılıb. Yaşıllaşdırma işləri çərçivəsində həmişəyaşıl ağac və kollar əkilib, suvarma sistemləri ilə təmin olunub.
Nəticə etibarilə, “Abşeron” sanatoriyası bu gün artıq yalnız ənənəvi kurort deyil, müasir tibbin imkanlarından yararlanaraq, daha geniş auditoriyaya xidmət göstərməyi hədəfləyən kompleks bir müəssisəyə çevrilir. Bu yenilənmə ilk növbədə insan sağlamlığının qorunması və rifahın yüksəldilməsinə yönələn bir addım olmaqla yanaşı, həm də ölkədə sağlamlıq turizminin inkişafına töhfə verə biləcək potensiala malikdir. Belə təşəbbüslər həm sosial təminat baxımından, həm də sağlam cəmiyyət quruculuğu istiqamətində mühüm əhəmiyyət daşıyır.