Bakı. Trend:
Tacikistan yaxın 24 ay ərzində 1500 meqavat gücündə günəş və külək elektrik stansiyaları tikəcək.
Trend xəbər verir ki, bunu Tacikistanın energetika və su resursları naziri Daler Cuma COP29 çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dair İnvestisiya Forumunda deyib.
“2030-cu ilə qədər Tacikistan hidroelektrik enerjisinin üstünlük təşkil etdiyi enerji istehsal gücünü cari 6 gigavatdan 10 gigavata qədər artırmağı planlaşdırır. Bundan əlavə, istehsal olunan enerjinin 10 faizinin hidroenerjidən asılı olmayan mənbələrdən, yəni günəş və külək enerjisindən təmin edilməsi nəzərdə tutulur. Bunun üçün yaxın 24 ay ərzində ümumi gücü 1500 meqavat olan günəş və külək elektrik stansiyalarını inşa etmək öhdəliyini üzərimizə götürdük”, – deyə o bildirib.
D.Cuma vurğulayıb ki, Tacikistan 2032-ci ilədək tamamilə "yaşıl" enerji istifadəsinə keçməyi öhdəsinə götürüb.
“Hal-hazırda biz 98 faiz səviyyəsinə çatmışıq. Bundan əlavə, 2037-ci ilə qədər iqtisadiyyatımız da tamamilə "yaşıl" olacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.