Bakı. Trend:
COP29 çərçivəsində “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi bizim üçün ən vacib praktiki təşəbbüslərdən biridir. Bu təşəbbüs COP29 sədrliyinin irəli sürdüyü iqlim maliyyəsi ilə bağlı təşəbbüslərdən biridir. Biz onları İqlim Maliyyəsi ilə bağlı Bakı təşəbbüsləri (BİCFİT) adlandırırıq.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi il bağlı keçirilən tədbirdə deyib.
“Əgər biz investisiya yatırırıqsa, hansısa ticarət tranzaksiyası keçirilsə, öz iqtisadi siyasətimizə iqlim maliyyəsini daxil etmiriksə, çox güman ki harada olmaq istədiyimizə nail ola bilmərik. Bu məsələlər koordinasiyalı şəkildə aparılmalıdır. Dünən bununla bağlı təşəbbüs irəli sürülüb”, - deyə nazir qeyd edib.
M.Cabbarov bildirib ki, bu portal hamı üçün əlçatan olacaq:
“Düşünürəm ki, bu, çox vacib məqamdır. Onların içərisində özəl sektor, hökumət nümayəndələri, maliyyə institutları var. Biz inklüzivliyin gücünə inanırıq. Mən bu təşəbbüsü dəstəklədiyinə görə SOCAR-a təşəkkür edirəm. SOCAR bu təşəbbüsə öz töhfəsini verib. Mən, həmçinin Harvard Universiteti rəhbərliyinin Azərbaycan iqtisadiyyatını şaxələndirmə sahəsində bizimlə birgə əməkdaşlığını təqdir edirəm”.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.