Bakı. Trend:
İqlim böhranı vəziyyətini dəyişdirmək hamımızın ümumi prioriteti olmalıdır.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici Birlik və İnkişaf Ofisində inkişaf naziri Anneliese Dods COP29 konfransı çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgə fəaliyyət”adlı Yüksək səviyyəli Paneldə çıxışı zamanı deyib.
"Biz ölkələrə kömək etməsək, bu onilliyin sonuna qədər ifrat yoxsulluq içində yaşayanların üçdə ikisi də həssas və münaqişələrdən təsirlənmiş dövlətlərdə yaşayacaq. İqlim böhranı vəziyyətini dəyişdirmək hamımızın ümumi prioriteti olmalıdır", - o bildirib.
Onun sözlərinə görə, Bakının çağırışı tamamilə bundan ibarətdir.
"Mən çox fəxr edirəm ki, Böyük Britaniya bu gün bunu dəstəkləyir. Qarşıdakı aylarda hər kəsin işə qoşulmasına ehtiyacımız var və biz daha çox birləşmiş yanaşma ilə birlikdə işləməliyik.
Birgə işlədiyimiz zaman nəyə nail ola biləcəyimizi bilirik. Birgə səylərimiz Somalinin dayanıqlılığını artırmaq üçün Yaşıl İqlim Fondundan 100 milyon ABŞ dollarından çox dəstək alması ilə nəticələndi. Somali ilə yanaşı, Böyük Britaniya Çad, Suriya və Yəməndəki tərəfdaşları ilə birlikdə insanların həyatını xilas etmək, uzunmüddətli sülh və sabitlik yaratmaq üçün gözlənilən təşəbbüslər və erkən xəbərdarlıq sistemləri yaratmaq üçün işləyir”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.