Bakı. Trend:
2024-cü ilin oktyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 34 milyon 452 min 333 nəfər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq, 16 milyon 365 min 948 nəfər, beynəlxalq reyslər üzrə isə12 faiz artaraq 18 milyon 86 min 385 nəfər təşkil edib.
2024-cü ilin oktyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 372 min 916 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq, 112 min 815 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 12,1 faiz artaraq, 260 min 100 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 6 faiz artaraq, 196 min 369 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq, 90 min 213, beynəlxalq reyslər üzrə isə 7,4 faiz artaraq 106 min 156 olub.
Bu ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.