...

Qazaxıstanın ÜDM-i 2060-cı ilə qədər daşqınların vurduğu ziyan səbəbindən 1,3 faiz azala bilər - Nazir

İqtisadiyyat Materials 14 Noyabr 2024 17:47 (UTC +04:00)
Qazaxıstanın ÜDM-i 2060-cı ilə qədər daşqınların vurduğu ziyan səbəbindən 1,3 faiz azala bilər - Nazir
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Proqnozlara görə, adaptasiya tədbirləri görülmədiyi halda, daşqınların vurduğu ziyan səbəbindən 2060-cı ilə qədər Qazaxıstanın ümumi daxili məhsulu (ÜDM) 1,3% azalacaq.

Trend xəbər verir ki, bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Erlan Nısanbayev “Mərkəzi və Qərbi Asiyada buzlaqların əriməsinin qarşısını almaq üçün iqlim dəyişikliyi və regional əməkdaşlıq” mövzusunda keçirilən panel müzakirə zamanı bildirib.

“Unikal təbiəti və zəngin resursları ilə Qazaxıstan bu gün ekosistemimizi, su ehtiyatlarımızı və iqtisadiyyatımızı təhlükə altına alan ciddi təhdidlərlə üzləşir”, – deyə o bildirib.

Nazir qeyd edib ki, Qazaxıstan, digər Mərkəzi Asiya ölkələri kimi, iqlim dəyişikliyinin təsirini öz təcrübəsində hiss edir. Ölkə daşqınların və quraqlıqların əhəmiyyətli dərəcədə artmasını, həmçinin bölgənin su ehtiyatlarının təminatında həyati əhəmiyyətə malik olan buzlaqların sürətlə əriməsini müşahidə edir.

“Bundan əlavə, kənd təsərrüfatı torpaqlarımızın 75 faizə qədəri quraqlıq riski altındadır ki, bu da milyonlarla insan üçün ərzaq təhlükəsizliyinə təhdid yaradır”, – deyə o qeyd edib.

O əlavə edib ki, Qazaxıstan Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən, su ehtiyatlarının kompleks idarə olunmasına, dayanıqlı suvarma metodlarının tətbiqinə və Qazaxıstanın kənd təsərrüfatında müasir texnologiyalardan istifadəyə yönəlmiş “Fermalar üçün buzlaqlar” adlı regional proqramı dəstəkləyir və təsdiqləyir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti