Bakı. Trend:
Amerika administrasiyası hesab edir ki, Pxenyan, o cümlədən Donald Trampın andiçmə mərasimindən əvvəl nüvə sınağı keçirə bilər.
Trend-in məlumatına görə, bu barədə Peruya uçarkən Amerika liderinin təyyarəsinin göyərtəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Düşünmürəm ki, KXDR ilə sakitlik dövrünə arxayın ola bilərik. Aydındır ki, son aylarda və həftələrdə onlar ballistik raketləri buraxmağa davam ediblər. Yeddinci nüvə sınağının keçirilməsi ehtimalı həmişə var. Biz bunu yaxından izləyirik", - deyə o bildirib.
Sallivanın sözlərinə görə, Amerika liderləri arasında səlahiyyətlərin ötürüldüyü vaxt “tarixən KXDR-in təxribatçı hərəkətlər etdiyi dövrdür”. "Ona görə də, biz bunu çox diqqətlə izləyirik. Yanvarın 20-nə qədər hər gün izləyəcəyik", - deyə o əlavə edib.