Bakı. Trend:
Azərbaycanı və ya Bakını eşidəndə fikirləşirdilər ki, bura kiçik bir ölkədir, amma buraya çatanda görürsən ki, inkişaf etmiş ölkədir.
Trend xəbər verir ki, bu sözləri Kamerun Meşə Təsərrüfatı Nazirliyinin Əməkdaşlıq Departamentinin rəhbəri Adama Haman deyib.
O, Bakıda azərbaycanlılar tərəfindən çox mehribanlıqla qarşılandığını bildirib və COP29-dan gözləntilərini bölüşüb:
"Bircə onu deyim ki, biz Azərbaycan xalqı tərəfindən çox mehribanlıqla qarşılandıq. Hər şey qaydasında gedir. İqlim məsələləri ilə bağlı maliyyə istiqamətində bəzi əsas qərarlar var. Lakin uyğunlaşma ilə bağlı da bir şeyin olmasını gözləyirik. İnsanların qarşılaşacağı əsas çətinliklər ondan ibarət idi ki, onlayn sifariş və onlayn ödəniş həqiqətən çox çətin idi. Lakin burada könüllülər çox istiqanlılıq nümayiş etdirərək bizə kömək edirlər. Azərbaycanı və ya Bakını eşidəndə fikirləşirdilər ki, bura kiçik bir ölkədir, amma buraya çatanda görürsən ki, inkişaf etmiş ölkədir. Buna görə də təbrikimi bildirmək istəyirəm.
Hələ Bakını çox gəzmək fürsətim olmayıb, amma ilk imkanda buranın xüsusən də tarixi yerlərinə səfər edəcəyəm".
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.