...

ARDNF və SFBF COP29 çərçivəsində “Enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının rolu” mövzusunda yüksək səviyyəli panel keçirib (FOTO)

Yaşıl iqtisadiyyat Materials 14 Noyabr 2024 16:20 (UTC +04:00)
ARDNF və SFBF COP29 çərçivəsində “Enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının rolu” mövzusunda yüksək səviyyəli panel keçirib (FOTO)

Bakı. Trend:

14 Noyabr 2024 – Bakı, Azərbaycan – Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Suveren Fondların Beynəlxalq Forumu (SFBF) ilə birgə COP29 çərçivəsində Maliyyə Günündə “Enerji keçidinin maliyyələşdirilməsində suveren sərvət fondlarının rolu” mövzusunda yüksək səviyyəli panel təşkil edib. COP29 Sədrliyinin tədbirlər siyahısında yer alan və Mavi Zonada baş tutan bu mühüm tədbir qlobal liderləri bir araya gətirərək, suveren sərvət fondlarının (SSF-lərin) dayanıqlı maliyyənin inkişafına və aşağı karbonlu iqtisadiyyata keçid prosesinə dəstəyini, o cümlədən bu istiqamətdə fəaliyyətinin genişləndirilməsini müzakirə etmək məqsədi daşıyıb.

Tədbirə “Ithmar Capital” şirkətinin İcraçı direktoru - SFBF-nin Sədri, Obaid Amrane və ARDNF-nin İcraçı direktoru – SFBF-nin Sədr müavini İsrafil Məmmədovun açılış nitqləri ilə start verilib. Çıxışlarda SSF-lərin iqlim dəyişikliyinin qarşısını almaqda uzunmüdətli investisiya strategiyaları ilə oynadığı əhəmiyyətli rola xüsusi diqqət çəkilib.

“Sərvət fondları olaraq, davamlı inkişafa xidmət edəcək kapitalın cəlb olunmasında nümunə yaratmaq üçün mövcud imkanlarımızla yanaşı, həm də məsuliyyət daşıyırıq. Bu gün COP29 çərçivəsindəki əməkdaşlığımız, uzunmüddətli və strateji investisiyalar vasitəsilə enerji keçidinin maliyyələşdirilməsi və iqlim problemlərinin həllində ortaq öhdəliyimizi bir daha əks etdirir” deyə SFBF-nin Sədri Obaid Amrane qeyd edib.

“Azərbaycanın dövlət büdcəsinə əhəmiyyətli töhfə verən ARDNF, ölkənin dayanıqlı inkişaf gündəminin və enerji keçidinin maliyyələşdirilməsində də mühüm rol oynayır. Santiyaqo Prinsiplərinə uyğun olaraq güclü idarəetməni təmin etməklə, biz iqtisadi sabitliyi möhkəmləndirməyə və dayanıqlı gələcəyə doğru irəliləyişə sadiqliyimizi nümayiş etdiririk," deyə İsrafil Məmmədov bildirib.

Tədbirin moderatoru Franklin Templeton şirkətinin Qlobal Dayanıqlılıq üzrə rəhbəri Anne Simpson olub. O, panel müzakirələrini idarə edərək, SSF-lərin maliyyə mandatlarını qorumaqla portfellərinin enerji keçidi məqsədlərinə uyğunlaşdırılması və bu kontekstdə maliyyə öhdəliklərinin yenidən qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Paneldə çıxış edən spikerlər:

• Bo Li, Beynəlxalq Valyuta Fondunun İcraçı direktorunun müavini

• Quo Xiangjun, Çin İnvestisiya Korporasiyasının İcraçı vitse-prezidenti

• Derek Roziki, Mubadala İnvestisiya Şirkətinin Dayanıqlı investisiyalar üzrə rəhbəri

• Stiv Hovard, “Temasek” Holdinqin Dayanıqlılıq üzrə sədr müavini

• Prasad Qadkari, Hindistan Milli İnfrastruktur İnvestisiya Fondunun İcraçı direktoru və strategiya üzrə rəhbəri

Panel iştirakçıları investisiya mühitində keçid maliyyəsinin inteqrasiyası, emissiyaların azaldılması, aktivlərin bölgüsü və risk-gəlir gözləntilərinin idarə edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin, keçid maliyyəsinin geniş miqyasda tətbiqində qarşıya çıxan əsas tənzimləmə, struktur və bazar çətinlikləri müzakirə olunub və dayanıqlı investisiyaların genişləndirilməsi istiqmətində müxtəlif maliyyə modellərinin tətbiqi kimi həll yolları vurğulanıb.

Müzakirələrdən sonra SFBF üzv SSF-lərin portfellərinin dekarbonizasiyasını dəstəkləmək, dayanıqlı maliyyə üçün tərəfdaşlıqları gücləndirmək və iqlim maliyyələşdirilməsini genişləndirmək öhdəliyini bir daha təsdiq edən kommünike elan edib. Kommünikedə xüsusilə inkişaf etməkdə olan ölkələrdə, innovativ maliyyə alətlərinin yaradılmasının, şəffaflığın təşviqinin və ədalətli enerji keçidinin əhəmiyyəti vurğulanıb. Sözügedən sənəddə həmçinin qeyd olunub ki, SFBF iqlim dəyişikliyi ilə mübarizəyə kapital cəlb etmək üçün fəaliyyətlərini davam etdirəcək və bu istiqamətdə növbəti tədbirlər Belen, Braziliyada keçiriləcək COP30 və qarşıdakı BMT-nin İqlim Dəyişikliyi Konfranslarında baş tutacaqdır.

COP29 Sədrliyinin tədbirlərindən biri kimi bu panel, qlobal iqlim gündəminin hədəflərinə dəstək olmaqda SSF-lərin unikal və strateji rolunu ön plana çıxarıb. ARDNF və SFBF tərəfindən təşkil olunan bu platforma, qlobal əməkdaşlıq və məsuliyyətli investisiyalar vasitəsilə dayanıqlı gələcəyin formalaşdırılmasında SSF-lərin potensialını bir daha nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti