Bakı. Trend:
Noyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan BMT baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.
Trend xəbər verir ki, bu
barədə XİN-dən bildirilib.
Görüş zamanı Azərbaycan və BMTİP arasında mövcud əməkdaşlıq
gündəliyində duran, habelə Azərbaycanın COP29 sədrliyindən irəli
gələn məsələlər müzakirə edilib.
Azərbaycanın BMTİP ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlığının
mövcudluğunu qeyd edən nazir Ceyhun Bayramov, xüsusilə dayanıqlı
inkişaf gündəliyinin irəlilədilməsi istiqamətində birgə layihələrin
icrasını, ölkəmizin bu sahəyə sistematik yanaşmasının göstəricisi
olaraq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının
yaradıldığını, tərəfimizdən indiyədək 3 Könüllü Milli Hesabatın
təqdim olunduğunu qeyd edib.
Ölkəmizin işğaldan azad olunmuş ərazilərindəki mina təhdidi ilə
mübarizə səylərindən ətraflı bəhs olunub.
Azərbaycanın geniş yaşıl enerji potensialına əsaslanan inkişaf
strategiyası, yaşıl enerji sahəsində regional və beynəlxalq
layihələr, xüsusilə Xəzər və Qara dəniz hövzələrini birləşdirərək
yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsündən bəhs olunub. Bu
istiqamətdə, COP29 çərçivəsində imzalanmış “Azərbaycan
Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası
hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əhəmiyyəti qeyd
olunub.
COP29 sədrliyimizin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunun
irəlilədilməsi istiqamətində beynəlxalq təşkilatların, o cümlədən
BMTİP-in aktiv iştirakçılığının vacibliyi vurğulanıb.
Bakıda keçirilən COP29 çərçivəsində ilk gündən etibarən Paris
Sazişinin 6.4-cü maddəsi üzrə razılığın əldə olunması, İtki və
Zərərlərə Cavab Fondunun işə başlanmasını təmin edən irəliləyişlər,
habelə çoxtərəfli inkişaf bankları tərəfindən iqlim maliyyəsi üçün
öhdəliyin illik əsasda 75 milyarddan 170 milyard ABŞ dollarına
qədər artırılması əhəmiyyətli uğur kimi qiymətləndirilib.
Qarşı tərəf Azərbaycan və BMTİP arasında müxtəlif sahələrdə
əməkdaşlığın məmnunluq doğurduğunu, xüsusilə mina təhdidi ilə
mübarizə sahəsinə BMTİP tərəfindən xüsusi əhəmiyyət verildiyini, bu
istiqamətdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi
(ANAMA) ilə birgə Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq
Mükəmməllik və Təlim Mərkəzinin yaradılması üzərində birgə
fəaliyyətin aparıldığı bildirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.