Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz “Mastercard”ın Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdaldır.
Avşar Gürdal Trend-ə özəl müsahibəsində vurğulayıb ki, “Mastercard” COP29 çərçivəsində tərəfdaşlıq sazişlərinin bağlanması imkanlarını fəal şəkildə araşdırır.
“COP29 çərçivəsində "Mastercard" Azərbaycanda ekoloji məlumatlılığın artırılmasına, korporativ və vətəndaş məsuliyyətinə töhfə verən təşəbbüslərə fokuslanır. Bizim ESG-yə yönəlmiş emitentlər və satıcılarla bir neçə tərəfdaşlığımız mövcuddur, o cümlədən, “Sustainability Sandbox Hackathon” - iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş, innovativ və dayanıqlı həlləri təşviq edən həllər yaratmaq üçün fintex startaplarına təklif edilən virtual müsabiqə bu qəbildəndir”, - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, “Mastercard” “Rabitabank” ilə tərəfdaşlıqda istehlakçılara karbon izlərini izləmək və idarə etməkdə kömək edəcək “Carbon Calculator” alətini istifadəyə verib.
“Bu alət insanlara ətraf mühitə təsirləri ilə bağlı düşünülmüş seçimlər etməyə kömək etmək üçün nəzərdə tutulub. Biz, həmçinin, ABB və “Apar” şirkətləri ilə əməkdaşlıq edirik, bu şirkətlər şəhər ərazilərində ekoloji cəhətdən təmiz pedallı və elektrik velosipedlərini tətbiq edir. Bu təşəbbüslərin məqsədi karbon qazı emissiyalarının azaldılmasının vacibliyi barədə məlumatlılığı artırmaq və insanları daha ekoloji təmiz nəqliyyat növlərindən istifadə etməyə təşviq etməkdir.
“Mastercard” bu təşəbbüsü maliyyə korporativ təsiri baxımından dəstəkləyir. Eyni zamanda, “Baku Taxi” ilə əməkdaşlıq edərək, “Mastercard” ilə edilən ödənişlərdə endirimlər vasitəsilə hibrid taksiləri təşviq edirik, bununla da emissiyaların azaldılmasına və daha ekoloji təmiz nəqliyyat seçimlərinin təmin edilməsinə töhfə veririk”, - deyə A.Gürdal qeyd edib.
Baş direktor COP29 çərçivəsində mümkün tərəfdaşlıq sazişləri ilə bağlı suala cavab olaraq bildirib ki, “Mastercard” bu perspektivləri fəal şəkildə araşdırır.
“Rabitabank” ilə tərəfdaşlığımız istehlakçılara təbii resurslardan rasional istifadə üçün praktik alətlər təqdim etmək səylərimizin əsas nümunəsidir. Eyni şəkildə ABB və “Apar” ilə tərəfdaşlığımız da bu istiqamətdə əhəmiyyətlidir. Bu cür əməkdaşlıq təkcə maliyyə deyil, həm də ekologiya problemlərinin həlli üçün kollektiv yanaşmanın formalaşdırılmasında təsirimizin artırılması üçün mühüm əhəmiyyət daşıyır”, - deyə o vurğulayıb.
A.Gürdal qeyd edib ki, “Mastercard”ın karbon izinin azaldılması və ətraf mühitə qarşı məsuliyyətli yanaşmanı dəstəkləmək üçün aydın fəaliyyət planı mövcuddur.
“2040-cı ilə qədər sıfır karbon emissiyasına nail olmağı hədəfləyirik. Bu planın əsas komponentlərindən biri, 2028-ci ilə qədər bütün ödəniş kartlarında PVC plastikdən istifadənin mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan “Sustainable Card pledge” təşəbbüsüdür. Biz Azərbaycandakı yerli bankları artıq 2026-cı ildə “Mastercard” kartları xəttində PVC plastikdən istifadədən imtina etmək öhdəliyini götürməyə çağırırıq.
Azərbaycanda bir neçə bank artıq bu təşəbbüsə qoşulub və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bu plan plastik tullantıların azaldılması və maliyyə sektorunda ekoloji cəhətdən məsuliyyətli təcrübələrin təşviqi istiqamətində əhəmiyyətli irəliləyiş əldə etmək məqsədimizi əks etdirir”, - deyə baş direktor bildirib.
Onun sözlərinə görə, COP29 konfransı hər kəs üçün mühüm əhəmiyyət kəsb edir.
“Bu konfrans iqlim dəyişiklikləri probleminin həlli və dayanıqlı inkişaf yolunda irəliləyişin sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayır. “Mastercard” üçün bu, dayanıqlı təcrübələrin təşviqi və azkarbonlu iqtisadiyyata keçidin dəstəklənməsi üzrə öhdəliklərimizə uyğundur.
Biz insanları və təşkilatları ətraf mühitə təsirləri haqqında düşünməyə və məsuliyyətli seçimlər etməyə ilhamlandırmağı ümid edirik. Uzunmüddətli perspektivdə biz bütün sahə miqyasında dəyişiklikləri təşviq etmək və iqtisadiyyat, cəmiyyət və ətraf mühit üçün faydalı olan innovativ həlləri tətbiq etmək istəyirik”, - deyə A.Gürdal yekunlaşdırıb.