Bakı. Trend:
Azərbaycan, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə keçirilən ilk bərpa olunan enerji mənbələri (BEM) üzrə hərracın nəticələrini COP29 çərçivəsində elan edə bilər.
Trend xəbər verir ki, bunu AYİB-in Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə enerji və təbii resurslar departamentinin direktoru Aida Sitdikova COP29 çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dair İnvestisiya Forumunda deyib.
O qeyd edib ki, AYİB 14 ölkədə bərpa olunan enerji mənbələri üzrə hərraclar hazırlayır.
"Sevindirici haldır ki, onlardan ən azı üçü Mərkəzi Asiya və Azərbaycandadır. Bunlar Özbəkistan, Qazaxıstan və Azərbaycandır. Ümid edirəm ki, Azərbaycan COP29 çərçivəsində AYİB-in dəstəyi ilə keçirilən ilk hərracının nəticələrini elan edəcək. Biz rəqabətli hərracların keçirilməsindən sonra bərpa olunan enerji mənbələrinin istifadəsinin genişlənməsinə töhfə verəcək əhəmiyyətli irəliləyişlər müşahidə edirik", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.