Bakı. Trend:
Qazaxıstan 2030-cu ilə qədər enerji sistemində bərpa olunan enerjinin payını 15 faizə, 2050-ci ilə qədər isə 50 faizə çatdırmağı planlaşdırır.
Trend xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.
“Ümumilikdə, Paris Sazişinin qlobal iqlim gündəliyini nəzərə alaraq, Qazaxıstan 2030-cu ilə qədər enerji sistemində bərpa olunan enerjinin payını 15 faizə çatdırmağı planlaşdırır. 2050-ci ilə qədər bu göstərici 50 faizə yüksəlməlidir. Hal-hazırda bu göstərici 6 faizdir.
Qazaxıstan inkişaf edən iqtisadiyyata malik ölkədir. Buna görə də, əhali və iqtisadiyyat tərəfindən elektrik enerjisi istehlakının artımını nəzərə alaraq, qarşımızda yeni enerji güclərinin istifadəyə verilməsi vəzifəsi dayanır. 2035-ci ilə qədərki enerji balansına əsasən, ümumilikdə 26 giqavat gücündə elektrik enerjisinin istifadəyə verilməsi planlaşdırılır ki, burada bərpa olunan enerji mənbələrinin payı 25 faiz təşkil etməlidir. Biz ədalətli enerji keçidi konsepsiyasına xüsusi diqqət yetiririk.
Hazırda ölkədə xalqımızın rifahını izləmək və real göstəricilər əldə etmək üçün "ailə xəritəsi" kimi layihələr həyata keçirilir. Eyni zamanda, energetika sahəsində islahatların biznes və əhali üçün tariflərin artımına səbəb olacağını nəzərə alaraq, yeni güclərin istifadəyə verilməsinə və investisiyaların cəlb edilməsinə xüsusilə balanslaşdırılmış və iqtisadi hesablamalara əsaslanan yanaşma tətbiq edirik”, - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.