...

Moldova Azərbaycan-Gürcüstan-Avropa "yaşıl" enerji dəhlizinin iştirakçısına çevrilə bilər

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 14:17 (UTC +04:00)
Moldova Azərbaycan-Gürcüstan-Avropa "yaşıl" enerji dəhlizinin iştirakçısına çevrilə bilər
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Azərbaycan-Gürcüstan-Avropa "yaşıl" enerji dəhlizinin iştirakçısına çevrilə bilər.

Trend xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja COP29 çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə Nazirlər Görüşü zamanı bildirib.

"Biz Azərbaycan, Gürcüstan, Macarıstan, Bolqarıstan və perspektivdə Moldova Respublikası ilə birlikdə Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək, enerji körpüsü rolunu oynayacaq yaşıl dəhliz yaradırıq.

Ümid edirik ki, bu nümunə digər qitə və ölkələri daha sıx əlaqələr yaratmağa ruhlandıracaq. Çünki yalnız bu yolla biz təhlükəsiz, əlçatan və ekoloji cəhətdən təmiz enerji təmin edə bilərik", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti