Bakı. Trend:
Biz özəl sektorun təmiz enerji texnologiyalarına və təmiz enerji infrastrukturuna sərmayə qoyduğunu görürük.
Trend xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının energetika naziri Cenifer M.Qranholm COP çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu sərmayələr əvvəlki ilə müqayisədə 70% artıb.
“Bu irəliləyiş yalnız son 4 ildə baş verdi. Bütün bunlar ABŞ-nin təmiz enerjinin genişləndirilməsi üçün yatırılan investisiyalardır.
İnflyasiyanın Azaldılması Aktındakı təşviqlər günəş və külək enerjisi istehsalçılarının şəbəkəyə əvvəllər heç görmədiyimiz sürətlə bərpa olunan enerji əlavə edə bilməsinə səbəb oldu. Bu ilin sonunda biz şəbəkəmizə 60 gigavatt təmiz enerji əlavə edəcəyik ki, bu da əvvəlkindən iki dəfə çoxdur. Amerikalıların 70%-i İnflyasiyanın Azaldılması Aktını dəstəkləyir”,- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.