Bakı. Trend:
2030-cu ilə qədər dünya üzrə bərpa olunan enerji sahəsində güclərin 2,7 dəfə artacağı gözlənilir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol COP29 çərçivəsində enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.
"Əgər bərpa olunan enerji sahəsində yekun investisiya qərarı (FID) qəbul edilmiş və ya hazırlanma mərhələsində olan bütün layihələrə baxsaq, bizim təhlilimizə əsasən, hətta ən konservativ qiymətləndirmədə belə, 2030-cu ilə qədər dünya üzrə bərpa olunan enerji sahəsində güclər 2,7 dəfə artacaq. Bu, müsbət xəbərdir.
Bundan əlavə, bu il bərpa olunan enerji sahəsində 670 giqavat güc bazara daxil olacaq", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.