Bakı. Trend:
COP29 Enerji, Sülh, Yardım və Bərpa Günü çərçivəsində ECO-UNIDO Təmiz Enerji Mərkəzinin işə salınması ilə bağlı tədbir keçirilib.
Trend xəbər verir ki, ECO Regional Təmiz Enerji Mərkəzi UNIDO-nun Təmiz Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi kimi Azərbaycanda yerləşəcək.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılması Azərbaycanın ECO üzv dövlətləri ilə enerji sahəsində əməkdaşlığını yeni səviyyəyə çıxaracaq.
“Bu gün COP29 konfransı çərçivəsində Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin yaradılmasında mühüm bir mərhələnin şahidi oluruq. Bu təşəbbüs təkcə Azərbaycan üçün deyil, ECO-ya üzv olan bütün ölkələr üçün strateji əhəmiyyət daşıyır.
Təmiz Enerji Mərkəzinin açılışı təşkilatın enerji sektorundakı lider mövqeyini daha da gücləndirəcək, regional əməkdaşlığa töhfə verəcək və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək.
Əsas məqsədimiz davamlı enerji keçidinə dəstək olmaq, bölgədə yaşıl enerji sektoruna investisiyaların cəlb olunmasına və enerji səmərəliliyinin artırılmasına şərait yaratmaqdır. Eyni zamanda, yaşıl enerji və infrastruktur layihələrinin inkişafı üçün maliyyə və texniki resursların səfərbər edilməsinə çalışırıq”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, ECO-UNIDO Təmiz Enerji Mərkəzi digər regional və beynəlxalq elmi-tədqiqat institutları və təşkilatlarla tərəfdaşlıq quracaq.
“BMT-nin Təmiz Enerji Mərkəzləri qlobal şəbəkəsi çərçivəsində ECO-UNIDO Təmiz Enerji Mərkəzi digər regional və beynəlxalq elmi-tədqiqat institutları və təşkilatlarla tərəfdaşlıq quracaq. Mərkəz bərpa olunan enerji məmbələri (BEM), enerji səmərəliliyi və iqlim dəyişikliyi sahəsində birgə tədqiqatlar aparacaq, texniki dəstək göstərəcək və innovativ həllər təklif edəcək.
Bu təşəbbüsün həyata keçirilməsində dəstək göstərən hər kəsə səmimi təşəkkürümüzü bildirmək istərdik. Xüsusilə Təmiz Enerji Mərkəzinin nizamnaməsinin imzalanması ilə bağlı Türkiyə və Özbəkistandan olan həmkarlarımıza və tərəfdaşlarımıza təşəkkür edirik.
Bu, COP29 çərçivəsində Təmiz Enerji Mərkəzinin "yumşaq" açılışına başlamamıza imkan yaratdı ki, bu da olduqca vacib idi. Əminik ki, ECO-UNIDO Təmiz Enerji Mərkəzinin fəaliyyəti ECO regionunda enerji təhlükəsizliyinin gücləndirilməsinə, iqlim dəyişikliyi ilə mübarizə üzrə səylərimizin irəlilədilməsinə və davamlı inkişaf hədəflərinin əldə olunmasına əhəmiyyətli töhfə verəcək”, – deyə nazir vurğulayıb.
ECO-nun baş katibi Əsəd Xan bildirib ki, Təmiz Enerji Mərkəzinin açılması Azərbaycanın ECO çərçivəsində fəal mövqeyinə və "təmiz" enerjinin irəlilədilməsinə töhfəsinə uyğundur.
“Bakıda ECO-nun "yaşıl" enerji mərkəzinin yaradılması, UNIDO ilə birgə həyata keçirilərək, "təmiz" enerji gündəliyinə kollektiv bağlılığımızın mühüm göstəricisidir. Bu Mərkəz dayanıqlı enerjiyə yönəlmiş ECO Regional Elektrik Enerji Bazarı layihəsinə töhfə verərək, transformasiya prosesində əsas rol oynayacaq. Mərkəzin yaradılması ideyası ECO və UNIDO arasında aparılan məsləhətləşmələr nəticəsində meydana gəlib.
Layihənin əsas məqsədi üzv dövlətlərin müasir, əlçatan, etibarlı və ekoloji cəhətdən dayanıqlı enerji xidmətlərinə çıxışını genişləndirmək, enerji təhlükəsizliyini təmin etmək və enerji sektorunun ətraf mühitə mənfi təsirini azaltmaqdır.
Mərkəz dayanıqlı enerji bazarlarının inkişafı və investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradacaq. Əminik ki, bu mərkəz qlobal dayanıqlı enerji üzrə regional mərkəzlər şəbəkəsinin mühüm bir elementi olacaq. Mərkəzin Azərbaycanda yerləşdirilməsi təşəbbüsü üçün xüsusi təşəkkürümüzü bildiririk. Bu qərar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ECO çərçivəsində fəal mövqeyinə və "təmiz" enerjinin irəlilədilməsinə verdiyi töhfəyə tamamilə uyğundur”, – deyə o qeyd edib.