Bakı. Trend:
Azərbaycan COP29 çərçivəsində "yaşıl" enerji zonaları və dəhlizləri üzrə öhdəlik hazırlayır.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov COP29 enerji təşəbbüsləri üzrə nazirlər görüşündə bildirib.
“Azərbaycanın COP29 prezidentliyi yaşıl enerji zonaları və dəhlizləri üzrə öhdəlik hazırlayır. Bu öhdəlik iki əsas komponentdən ibarətdir: yaşıl dəhlizlər və yaşıl enerji zonaları. Yaşıl dəhlizlər yaşıl enerjinin sərhədlərarası və uzun məsafələrə iqtisadi baxımdan səmərəli ötürülməsi üçün olduqca vacibdir, bu isə qiymətləri azaltmağa və prosesi daha rentabelli etməyə imkan verir. Lakin biz bərpa olunan enerji mənbələrinin çox vaxt yüksək tələbat olan yerlərdən uzaqda yerləşməsi kimi çağırışla üzləşirik”, – deyə o qeyd edib.
O.Zeynalov əlavə edib ki, daha iki əhəmiyyətli dəhliz mövcuddur.
“Birinci – Orta Asiya–Azərbaycan dəhlizi, hansı ki, iki gün əvvəl üç ölkə başçısı onun inkişafı üzrə dövlətlərarası saziş imzaladı və tezliklə texniki-iqtisadi əsaslandırma işlərinə başlanacaq. Digər mühüm dəhliz isə gücü 1,5 giqavatt olan Azərbaycan–Türkiyə dəhlizidir, onun da texniki-iqtisadi əsaslandırılması uğurla başlayıb. Azərbaycan 2030-cu ilə qədər 7 giqavatt bərpa olunan enerji istehsalını planlaşdırır, bunun 5 giqavattı ixrac ediləcək”, – deyə o vurğulayıb.
Nazir müavini bildirib ki, öhdəlik, həmçinin, yaşıl enerji zonalarının irəliləməsini dəstəkləyir, bu isə resursların səmərəli istifadəsi, investisiyaların cəlbi və dayanıqlı inkişafa töhfə verir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.