Bakı. Trend:
Mədəniyyət iqlim dəyişikliyinin "qurbanı" olmaq məcburiyyətində deyil.
Trend xəbər verir ki, bu barədə BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi naziri Amna bint Abdulla Əl-Dahakın COP29 çərçivəsində mədəniyyətə əsaslanan iqlim tədbirləri üzrə ikinci yüksək səviyyəli Nazirlər Görüşü zamanı müraciətində qeyd edilib.
Müraciəti tədbirdə BƏƏ-nin "yaşıl" inkişaf və iqlim dəyişikliyi sektoru üzrə nazir müavininin köməkçisi vəzifəsini icra edən Alanud Əlhac Əl Əli səsləndirib.
“Bu gün biz iqlim və mədəniyyət arasında mövcud olan kritik qarşılıqlı əlaqəni, həmçinin, onların daha davamlı, təhlükəsiz və dayanıqlı gələcəyin qurulmasındakı rolunu müzakirə etmək üçün toplaşmışıq.
Birləşmiş Ərəb Əmirliklərində biz iqlim dəyişikliyinin insanların həyatı, yaşayış vasitələri, icmalar və mədəniyyət üzərində yaratdığı dağıdıcı və məhvedici nəticələri anlayırıq”, – müraciətdə vurğulanıb.
Qeyd olunub ki, iqlim dəyişikliyi cəmiyyətlərin, icmaların və ətraf mühitin əsaslarını, həmçinin, iqlimimizi tənzimləyən ekosistemləri sarsıdır.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.