Bakı. Trend:
COP29-un timsalında bir neçə gündür, bütün tərəflər üçün azad və açıq müzakirəni təşviq edən şəffaf bir proses başlayıb. Bu proses inklüzivliklə, əməkdaşlıqla daha da gücləndirilir. Yerli xalqların, gənclərin, vətəndaş cəmiyyətinin, qlobal Cənuba qədər hər kəsin səsi eşidilməkdədir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı, COP29 təşkilat komitəsinin üzvi Nigar Məmmədova “Qlobal Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” mövzusunda tədbirdə deyib.
O bildirib ki, təcrübə göstərir ki, vətəndaş cəmiyyəti institutları innovativ və davamlı həll yolları ilə aktual sosial, iqtisadi və ekoloji problemlərə töhfə verməklə əsas hərəkətverici qüvvələrdən biridir.
“Xüsusilə iqlim dəyişikliyi ilə bağlı cəmiyyətin məlumatlılığının artırılmasında QHT-lər mühüm rol oynayır. Bu mənada vətəndaş cəmiyyəti institutlarının iqlim idarəçiliyində iştirakı effektiv nəticələr verir. Məhz QHT-lərin işi icmaları gücləndirir, bərabərliyi təşviq edir və daha ədalətli cəmiyyətə töhfə verir. Biz QHT-lərin iqlim idarəçiliyinə ən yaxşı şəkildə töhfə verməsi üçün şərtləri müəyyən etməliyik.
QHT-lərin iqlim siyasətində, iqlim danışıqlarında aktiv iştirakına nail olmalıyıq. Bütün ölkələr iqlim və ətraf mühit fəallarını qorumalı, onları qərar qəbul etmə prosesinə cəlb etməlidir. Hesab edirəm ki, Qlobal Cənub-Cənub Əməkdaşlığı inkişaf etməkdə olan dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməklə iqlim fəaliyyətinin daha geniş kontekstində mühüm rol oynayır. İqlim dəyişikliyinə qarşı ortaq çatışmazlıqları nəzərə alaraq, bu ölkələr bilik, təcrübə və resurslar mübadiləsindən faydalanmalıdır. Biz real iqtisadiyyatı iqlim fəaliyyətinə uğurla inteqrasiya etməliyik.
“Bakı COP” həm də inklüzivliyi prioritet elan edib. Məhz inklüzivlik dayanıqlı rifah və təbii resursların səmərəli idarə edilməsi kimi üstünlükləri təmin edir. İnklüziv iqlim fəaliyyəti həm iqlim dəyişikliyinin ən həssas təbəqəyə təsirini azaltmaq, həm də iqlim fəaliyyətindən əldə edilən faydanın ədalətli şəkildə bölüşdürülməsini təmin etmək deməkdir. Buna nail olmaq üçün iqlim üzrə fəaliyyət geniş maraqlı tərəfləri cəlb etməlidr. Bu, iqtisadi, ekoloji və sosial faydalar təmin edən uyğunlaşa bilən və genişləndirilə bilən yanaşma ilə nəticələnir.
Biz aşağı gəlirli, həssas icmalara birbaşa fayda verən iqlim
tədbirlərini həyata keçirmək üçün bütün imkanları nəzərdən
keçirməliyik. Ən həssas qrupları iqlim böhranının dağıdıcı
nəticələrindən qorumalıyıq.
Bakı COP-da aparılan müzakirələrə uyğun olaraq əminliklə demək olar
ki, 2024-cü il ölkələr üçün milli öhdəliklərlə bağlı yeni
hədəflərin müəyyən edildiyi ildir.
COP29 həm də “COP sülh” platformasıdır. Belə ki, COP29 Sədrliyi rəsmi olaraq öz flaqman təşəbbüsünə - COP Atəşkəs Çağırışına start verib. Biz bütün tərəfləri siyasi çətinliklərə rəğmən birlik olmağa, COP29-un keçirildiyi 1 ay ərzində atəşkəsə əməl etməyə çağırırıq", - o qeyd edib.
N.Məmmədova bildirib ki, COP Atəşkəs Çağırışı bəşər həmrəyliyinin simvoluna çevrilməlidir:
"Hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə birlik olmalıyıq. Dağıdıcı qüvvələrin qarşıdurması böyük fəlakətlərə, münaqişələr zərərli iqlim nəticələrinə səbəb olur. Münaqişələr zamanı istifadə edilən silah və hərbi texnika olduqca təhlükəli ekoloji miras qoyur. Minalar, kaset sursatları kənd təsərrüfatı torpaqlarına girişi məhdudlaşdırır, torpaqları və su mənbələrini zəhərli enerjili materiallarla çirkləndirir. Yəni, münaqişələr yalnız insan kapitalının məhvi deyil, bu, problemin görünən tərəfidir. Münaqişələr ekosistemin pozulması, təbii ehtiyatların tükənməsi, gələcək nəsillər üçün planetimizin sağlamlığının təhlükə altına düşməsi deməkdir.
Öz ölkəmin 30 ilə yaxın müddətdə işğaldan və ekoloji terrordan, vandalizm xarakterli dağıdıcı əməllərdən çəkdiyi əziyyəti və bu ağır durumda tətbiq etdiyi həll yollarına dair təcrübəsini bölüşmək istəyirəm. 4 il əvvəl ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin ağır nəticələrini aradan qaldırmağa çalışır.
Təxmini hesablamalara görə, qlobal istixana qazı emissiyalarının ən azı 5,5%-i dünya ordusunun payına düşür. Əslində bir çox hökumətlərin hərbi fəaliyyətlərdən emissiyalar haqqında məlumatı gizli saxlamasını nəzərə alsaq, bu rəqəmin xeyli yüksək olduğunu söyləyə bilərik. Bir sözlə, istixana qazları tullantıları azalmasa, heç bir ölkə iqlim dəyişikliyinin nəticələrindən xilas ola bilməyəcək.
Bu mənada COP29 uzunmüddətli sülhün yollarını müəyyən etmək üçün unikal imkan ola bilər. Bütün tərəflərin fəallığından asılı olaraq Bakı COP dönüş nöqtəsi olmalıdır.
Bizim iqlim dəyişikliyi ilə bağlı aktual problemin həllində dinc və vahid cəbhədə birləşməyə ehtiyacımız var. Bu cəbhədə hər birimiz fəal olmalıyıq – yaşıl və sağlam dünya naminə”.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.